”Müstəqil media sərbəst toplaşmalıdır”
Ötən ay AFFA yanında Mətbuat Komitəsi yaradıldı. AFFA-nın baş katibi Elxan Məmmədov bildirdi ki, bu komitəni yaratmaqda məqsəd idman mətbuatının inkişafına yardım etməkdir. Ancaq Mətbuat Komitəsinin yaradılması idman ictimaiyyəti arasında birmənalı qəbul edilmir.
Bir qisim jurnalist AFFA-nın birdən-birə belə təşəbbüslə çıxış etməsinin pərdəarxası məqamlarının olduğunu iddia edir. Onların fikirincə, futbol təsərrüfatı hazırda maliyyə sıxıntısı yaşayır. Futbola milyonların axdığı bir vaxtda yox, məhz indi idman mətbuatının inkişaf etdirilməsinin yada düşməsi istər-istəməz şübhə doğurur. Hətta bu ideyanın AFFA-nın yox, “yuxarılar”ın təşəbbüsü olduğu da vurğulanır.
Bakıda keçirilən Avropa Oyunları zamanı idman mətbuatının əksər hissəsi yarışı işıqlandırmaqdan imtina etmişdi. Bir sıra saytlarda isə Avropa Oyunları ilə bağlı kəskin tənqidi yazılar da yer almışdı. İdman mətbuatı pərakəndə halda fəaliyyət göstərdiyinə görə, hakimiyyət bu duruma təsir etmək gücündə deyildi.
Etirazçı jurnalistlər deyirlər ki, bundan sonra da Azərbaycanda böyük beynəlxalq turnirlər keçiriləcək. Görünür, bir da eyni vəziyyətin yaranmaması üçün idman mətbuatını AFFA-nın qanadları altında birləşdirmək istəyirlər.
Amal Abuşov: “Bu, təhlükəli oyundur”
Köşə yazarı Amal Abuşov hesab edir ki, AFFA-nın Mətbuat Komitəsi yaratması təhlükəli oyunun göstəricisidi: “İdman mətbuatının durumu ümumi ölkənin durumu kimidir. İdman mətbuatında kifayət qədər dəyərli, zəhmətkeş yazar var. Amma maddi vəziyyət, saytların gəlir yerinin yalnız klublarla reklam əməkdaşlığından gələn pul hesabına formalaşması ciddi problemdir. Bununla yanaşı, cərgələrimizdə yetərincə qələmini və vicdanını göz bəbəyi kimi qoruya bilən dostlarımız var.
AFFA-nın bizə Media Komitəsi yaratması təhlükəli oyundu. Elxan Məmmədov sərsəm ideyalara milyonlar xərclənəndə heç mətbuatı yada salmırdı. Prinsip etibarı ilə AFFA-nın hesabına ezamiyyətlərə gedən, daim xəbər ötürülən saytlar və həmkarlarımız bəlliydi. İndi də bu mexanizm bir başqa formada həyata keçirilir. Bunun komitə şəklinə salınması görüntünü dəyişməkdi. Məşhur təmsildə deyildiyi kimi, bu bölgünü özümdən əvvəl dərisi soyulmuş dostumdan öyrənmişəm. Media Komitəsinin gələcəyini proqnozlaşdırmaq üçün Elxan Məmmədovun ideya müəllifi olduğu Klublar Komitəsinə və Məşqçilər Komitəsinə baxmaq yetərlidi. Klublar Komitəsi özündə cəsarət tapıb “CBC Sport”un ödəməli olduğu pulu tələb edə bilmir. Məşqçilər Komitəsində isə bu ölkə futbolu üçün dəyərli karyeraya sahib insanlar urvatsız şəkildə kabinet məmuruna çevrilib. Bizim çoxsaylı tənqidlərimizdən sonra meydanlara çıxıb, gəzintilərə başlayıb. Bu da “karusel” xarakterli gülünc oyundu. Media Komitəsi ilə bağlı da eyni ssenarilər təkrarlanacaq. Bu komitə mətbuatın inkişafına yox, AFFA baş katibinin idman mətbuatını nəzarətdə saxlamasına, dəyərli qələm sahiblərinin vaxtının və enerjisinin mənasız toplantılara, müzakirələ sərf etməsinə hesablanıb”.
Əli Sahib: “Bu komitə idman mətbuatını tam əhatə edə bilməz”
Mətbuat Komitəsinin illik büdcəsi cəmisi 80 min manatdı. Təxminən 40-a yaxın idman saytının olduğunu nəzərə alsaq, bu məbləğ azdı. İdman jurnalistləri hesab edirlər ki, belə büdcə ilə mətbuatın inkişafına nail olmaq mümkün deyil. “Fanat” idman agentliyinin baş redaktoru Əli Sahib deyir ki, idman mediasının problemləri həmişə diqqətdən kənarda qalıb:
“Ümumiyyətlə, mətbuatı sahələrə ayırmaq istəmirəm. İstər idman, istərsə də siyasi medianın durumu aşağı-yuxarı eynidir. Sadəcə ictimai-siyasi media Azərbaycanda daha populyardı deyə, onların problemləri də çox qabardılır və dövlət tərəfindən müəyyən addımlar atılır. Ölkədə idmana da milyardlarla manat vəsait ayrılır, amma bu işləri işıqlandıran media və onun problemləri həmişə diqqətdən kənarda qalıb.
Buna görə də idman mediasının təşkilatlanmasına çoxdan ehtiyac vardı. Xüsusən də elektron KİV-ləri nəzərdə tuturam. Bu sahədəki problemlər yalnız maddiyyatla bağlı deyil. İxtisaslaşmaya, treninqlərə, xaricdə təcrübə keçməyə də böyük ehtiyac var. Reklam bazarının yoxluğu isə bütün medianın, həm də idman mətbuatının qabarıq problemidir. Bu çatışmazlıqların müzakirəsi, çıxış yollarının tapılması üçün mütləq bir araya gəlmək lazımdır. O ki qaldı AFFA-nın Mətbuat Komitəsinin yaradılmasına, onu deyə bilərəm ki, AFFA buna qədər də məşqçilər və klublar üçün komitələr yaratmışdı. İndi də mətbuat üçün yaradırsa, öz işləridir, bu, onların hüququdur, xeyirli olsun!
Amma bu, AFFA-nın komitəsi olduğu üçün, idman mətbuatını tam əhatə edə bilməz. Hesab edirəm ki, müstəqil media sərbəst toplaşmalıdır, hansısa qurumun nəzdində olmalı deyil. Güman ki, vaxt keçdikcə, bu qurumun hansı məqsədlər üçün yaradıldığı bəlli olacaq. Ayrılan büdcə də olduqca kiçikdir. O, büdcə ilə heç bir layihəni həyata keçirmək olmaz, o ki qaldı bütövlükdə idman mətbuatının inkişafına nail olsunlar”.