“Mədəniyyət Nazirliyində yaradılacaq yeni şöbə şou xarakteri daşıyır”

Source: Şəxsi facebook səhifəsi

İqtisadçı: “Mədəniyyət Nazirliyi kreativ sənaye sahəsində heç bir iş görə bilməyəcək”

Mədəniyyət Nazirliyində Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf Şöbəsi yaradılır.

Mədəniyyət naziri Anar Kərimov deyib ki, şöbənin yaradılmasında məqsəd ümumi daxili məhsulun artırılmasına, iqtisadiyyatın inkişafına təkan verməkdir.

Yaradıcı və ya kreativ sənaye nədir?

Yaradıcı sənayelər dünya iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olmaqla iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya və innovasiyaları birləşdirən sənaye növüdür.

Yaradıcı sənayelər ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq, dəb sənəti, sənətkarlıq, təsviri sənət, film, audiovizual – video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar, yaradıcı texnologiya sahələrindən ibarətdir, həmçinin bu sahələrin biznesinin inkişafını nəzərdə tutur.

Kreativ sənaye termini ilk dəfə 2000-ci ildə “Businessweek” jurnalında dərc olunub.

2002-ci ildə isə iqtisadçı Riçard Floridanın “The Rise of the Creative Class” kitabında kreativ sənayenin təsnifatı geniş şəkildə verilib.

Hazırda bir çox inkişaf etmiş ölkənin kreativ məhsullardan illik gəliri 10 faizə qədərdir.

İqtisadçı Toğrul Maşallının fikrincə, Mədəniyyət Nazirliyi kreativ sənaye sahəsində heç bir iş görə bilməyəcək: “Çünki Azərbaycanda iqtisadi sahə tamamilə digər qurumlar tərəfindən tənzimlənir və idarə olunur. Mədəniyyət Nazirliyi təlim və maarifləndirici addımlar atmaqla kifayətlənə, fond yaradıb, müvafiq qrantlar versə, müsabiqələr elan etsə, bu halda nəsə etmiş sayılar. Yaxud yaradıcı qurum və insanlara özəlləşdirilməmiş infrastrukturundan pulsuz istifadəyə imkan yarada bilər”.

İqtisadçı deyir ki, dünya praktikasında mədəniyyətin bu sahələri, adətən, vergidən azad olunur. Ya da dövlət tərəfindən qrant, subsidiya formasında dəstək alır: “İncəsənət sahələri adətən, qrant, subsidiya hesabına yaşayır və dövlət də onları vergidən azad edib. Ya da hansısa məkanlar verib ki, azad şəkildə fəaliyyət göstərə bilsinlər”.

“Azərbaycanda belə bir şöbənin yaradılması şou xarakteri daşıyır”, – ADO Teatrının bədii rəhbəri Elmin Bədəlov Meydan TV-yə belə deyir.

“Bütün dünyada mədəniyyət iqtisadiyyata, turizmin inkişafına təkandır. Məsələn, küçə incəsənətinin turizmin inkişafına çox xeyri ola bilər. Nazirlik mədəniyyət sənayesinin inkişafı ilə iqtisadiyyata töhfə vermək istəyir. Hansı teatrla töhfə verəcək? Akademik Milli Dram Teatrı ilə? İnsanları aldatmasınlar. Mənə elə gəlir ki, bunlar hamısı yalandır. Demək istəyirlər ki, guya Mədəniyyət Nazirliyi yenilənir, onlar işləyir, yeni nələrsə etməyə çalışırlar. Sovetlərdən qalmış incəsənətin qırıntıları ilə hansı yeniliyi edəcəklər? İlk növbədə incəsənəti inkişaf etdirmək, yüksəltmək lazımdır. Şərait yaratmaq lazımdır ki, incəsənət inkişaf etsin. Bundan sonra onu satışa çıxara biləsən”, – deyə o bildirib.

Ana səhifəSiyasət“Mədəniyyət Nazirliyində yaradılacaq yeni şöbə şou xarakteri daşıyır”