Qənirə Paşayeva abidələrin bərpası zamanı yeyintiyə yol verildiyini deyir
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qənirə Paşayevanın qurumda yeyinti hallarının olması ilə bağlı söylədiklərinə münasibət bildirib.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamendə Hesablama Palatasının illik hesabatı haqqında məsələnin müzakirəsi zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işindən narazılıq edib.
Bildirib ki, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının təkmilləşdirilməsi və inkaşıfına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı“nın nəticələrinin qiymətləndirilməsi aparılan zaman yeyinti halları aşkarlanıb.
Onun sözlərinə görə, 2014-2020-ci illərdə 134 sayda abidədə təxminən 90 milyon manatlıq bərpa və ya konservasiya işləri aparılması nəzərdə tutulub.
Ayrılan vəsaitin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib.
Millət vəkili həmçinin qeyd edib ki, 2014-2020-ci illərdə 13 abidənin bərpa edilməsi məqsədilə layihə smetasının hazırlanmasına 600 min manat ayrılsa da, yalnız Şəkidəki minarə bərpa edilib:
“Xeyli vaxt keçib, yenidən həmin abidələrdə bərpa işləri üçün vəsait tələb olunur. Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi? Bu, ciddi araşdırılmalıdır. Bu vəsaitə 4-5 abidəni bərpa etmək olardı“, – Qənirə Paşayeva deyib.
O, həmçinin bildirib ki, Dövlət Proqramına əsasən, Azərbaycanda abidələrin pasportlaşdırılması, həmçinin mühafizə zonalarının təyin edilməsi işi da yarımçıq qalıb.
“2021-ci ildə 4528 abidədən 8,1 %-i pasportlaşdırılıb. 140 abidədən cəmi 3,1%-nin mühafizə zonaları təyin edilib”, -millət vəkili bildirib.
Dövlət Xidmətinin məlumatında bildirilir ki, Hesablama Palatası tərəfindən tərtib edilmiş hesabatda olan 134 rəqəmi düzgün anlaşılmayıb.
Həmin rəqəm investisiya siyahısına daxil edilmiş, lakin bərpası üçün əvvəlki illərdə büdcədən pul ayrılmayan abidələrin sayıdır.
“Bir il üçün 134 abidənin bərpa və konservasiya edilməsinin nəzərdə tutulması, 2020-2021-ci illərdə bu işə 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77.3%-nin (başqa sözlə, təxminən 31 milyon manatın) yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir”, – Dövlət Xidmətinin məlumatında deyilir:
“Bir il ərzində 134 abidənin bərpa və konservasiyası mümkün deyil və belə bir qeyd hər hansı sənəddə əks olunmayıb. 2020-2021-ci illərdə 40 milyon manat vəsaitin Dövlət Xidməti üçün ayrılması da doğru məlumat deyil. Gileyli məscidi 2018-ci ildə bərpa edilib. Müvafiq sənədlərə uyğun olaraq, məscidin minarəsinin bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkidilmə işlərinə 31 milyon manat deyil, 1099707,34 manat dəyərində vəsait istifadə olunub”.
Dövlət Xidmətinin məlumatında deyilir ki, abidələrin bərpasına tələb olunan vəsait onun həcmindən, memarlıq xüsusiyyətlərindən, texniki vəziyyətindən, yerləşdiyi ərazidən asılı olaraq dəyişir.
Mövcud təcrübə və qiymətləndirmə göstərir ki, orta hesabla 4-5 abidənin bərpa-konservasiyası 600 min manatdan çox vəsait tələb edir.
Qurumun məlumatında abidələrin sənədləşdirilməsi ilə bağlı məsələyə də toxunulub.
Bildirilib ki, 2019-cu ildən etibarən, regional idarələr təsis edilib, abidələrin pasportlaşdırılması və mühafizə zonaları ilə bağlı sənədlərin hazırlanması işi davam etdirilib.
Bir sıra abidələrin layihə-smeta sənədlərinin tərtib edilməsi təmin olunub.
2020-ci ildən isə işğaldan azad olunmuş ərazilərdə abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı monitorinqlər keçirilib, abidələrin elektron xəritələri hazırlanıb.