“Koalisiya Azərbaycana deyir ki, nöqsanları aradan qaldırsın, islahatlar aparsın, ya da nəticələrə hazır olsun”
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) İdarə Heyəti oktyabrın 15-də Myanmada keçirilən iclasında Azərbaycana dair qərar qəbul edib.
Əsasən Azərbaycanın beynəlxalq şəffaflıq qurumu çərçivəsində öhdəliklərini yerinə yetirməsinin erkən monitorinqi aparılacaq.
“İdarə Heyəti faktaraşdırıcı missiyanın hesabatını müzakirə edib və dərin narahatlığını bildirib. İdarə Heyəti Azərbaycanın vətəndaş cəmiyyətinə daha çox şəraitin yaradılacağına, EITI standartına əsas töhfəsini verəcəyinə ümid bəsləyir”, – deyə EITI rəhbəri Kler Şortun bəyanatında deyilir.
İdarə Heyəti razılaşıb ki, yanvarda Azərbaycanla bağlı ilkin dəyərləndirmə başlasın. Bununla bağlı Human Rights Watch təşkilatı da oktyabrın 15-də yaydığı bəyanatda bildirib ki, “beynəlxalq şəffaflıq qrupunun xəbərdarlığı Azərbaycana fəalların işinə şərait yaratmaq üçün stimul verir”.
Human Rights Watch-un biznes və insan haqları üzrə tədqiqatçı Lisa Misol deyib: “Azərbaycan bu beynəlxalq əlverişli idarəçilik koalisiyasında üzvlüyü ilə öyünür. İndi isə koalisiya Azərbaycana deyir ki, nöqsanları aradan qaldırsın. Hökumət şəffaflıq qurumu qarşısında mühüm öhdəliklərin yerinə yetirilməsi üçün vacib islahatlar aparmalı, ya da nəticələrə hazır olmalıdır”.
EITI İH-nin qərarı Azərbaycanın təşəbbüsdə iştirakının ciddi risklə üzləşdiyini göstərir.
HRW qeyd edir ki, EITI Azərbaycana konkret hansı şərtlərin qoyulduğunu açıqlamayıb, amma vətəndaş cəmiyyətinin fəaliyyətinə dair “mühüm hərəkətlər”ə dair razılığın əldə olunduğu bildirilir.
“Bu qərarlarla EITI rəhbərliyi hökumətin təzyiqləri altında işləyə bilməyən müstəqil fəallara bir az ümid vermiş oldu. Hökumət önəmli beynəlxalq qrupda statusunu saxlamaq istəyirsə təzyiqləri dayandırmalı, əsas insan hüquqları üzrə öhdəliklərinə hörmət qoymalıdır.Son bir ildə Azərbaycan hökuməti müstəqil qrupların fəaliyyətinə əngəllər törədib, EITI üzvü öhdəliklərinə əməl etməyib. Bu da EITI qaydalarına ziddir. Azad və fəal vətəndaş cəmiyyətinin iştirakı üzvlük üçün ən vacib amillərdən sayılır”, – L.Misol bildirib.