Maykl Çeçire: “Azərbaycan tam avtokratik ölkədir”

“Azərbaycan Şimali Koreya yaxud Türkmənistan kimi totalitar ölkə deyil, amma Azərbaycan hibrid rejim də deyil”

Source:


“Azərbaycan Şimali Koreya yaxud Türkmənistan kimi totalitar ölkə deyil, amma Azərbaycan hibrid rejim də deyil”

“Biz Azərbaycanda periodik olaraq repressiya dalğalarının, dissidentləri susdurmaq cəhdlərinin şahidi oluruq. Biz hazırda belə bir dalğanın içərisindəyik”, – Vaşinqtondakı Xarici Siyasət Araşdırma İnstitutunun Türkiyə və Cənubi Qafqaz üzrə eksperti Maykl Çeçire “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

Ekspert bu günlərdə regiona səfərdən qayıdıb.

O bildirib ki, Azərbaycanda baş verənlər regionda, ələlxüsus Ukraynada cərəyan edən gərginliklərlə eyni vaxtda müşahidə olunur.

“Qərbdə belə bir gözlənti var idi ki, Rusiyanın təcavüzündən sonra Azərbaycan hökuməti öz davranışında mülayimləşəcək. Amma Azərbaycanda bunun əksi baş verir. Azərbaycan rəsmiləri güman edirlər ki, onlar belə davrana bilərlər, çünki indi onların daha çox manevr imkanları var və hesab edirlər ki, onlar Qərbə daha çox lazımdır, nəinki əksinə”, – o NİDA fəallarının həbsi ilə bağlı sualın cavabında bildirib.

Ekspert Freedom House təşkilatının illik hesabatında Azərbaycanın sondan 12-ci yer tutması ilə bağlı sualın cavabında deyib ki, sənəd Azərbaycanda müəyyən reallıqları əks etdirir: “Bütün çətinlikləri və baş verənləri nəzərə alsaq belə Azərbaycan Şimali Koreya yaxud Türkmənistan kimi totalitar ölkə deyil. Amma Azərbaycan hibrid rejim də deyil. O, tam şəkildə avtokratik bir ölkədir və avtoritarizm yolunda irəliləyir. Yəni, burada hər şey dövlətin tam nəzarətində deyil.  Amma mövcud repressiyaları və basqıları nəzərə alsaq deyərdim ki, ölkə hesabatın aşağı pillələrində yer alan ölkələrlə bir çox cəhətləri paylaşır”.

Maykl Çeçire hesab edir ki, Azərbaycanın demokratikləşməsi üçün ABŞ-ın əlində bir çox vasitələr mövcuddur. “Onlardan birini biz bu yaxınlarda gördük. Səfir Ceyms Uorlik ATƏT-in Minsk Qrupunun həmsədri qismində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış etdi. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə mühüm rol oynayır. Əgər rəsmi Bakı bu dəstəyi saxlamaqda maraqlıdırsa onda ikinci cığır – xalq diplomatiyası və insan haqları-demokratizasiya istiqamətində addımlar atılmalıdır.  Məsələ burasındadır ki, Azərbaycan indi o istiqamətdə addımlar atmır. Əgər Azərbaycan Qarabağ və enerji təchizatçısına çevrilmək amacında Qərbin dəstəyinə arxalanırsa, onda bu məsələdə konstruktiv mövqe sərgiləməlidir. Odur ki, bəli, Qərbin əlində güman edildiyindən daha çox təzyiq vasitələri var. Və bunun başa düşüldüyünə dair artıq müəyyən işartılar gözə dəyməkdədir”, – o deyib.

Ekspert “Azərbaycan kimi varlı ölkələrin hakimiyyətləri öz maraqlarını təşviq etmək üçün Qərb paytaxtlarında PR firmaları, beyin mərkəzləri və regional ekspertlərə kifayət qədər maliyyə vəsaiti sərf edirlər. Bu növ təsir mexanizminin qarşısı necə alına bilər?”, – sualının cavabında deyib ki, bu, hazırda ikili problemdir: “Biri pulun mənbəyi məsələsidir. Bir çox hibrid rejimlər ABŞ-a çoxlu pulla gəlir və bununla özlərinə həm informasiya, həm də siyasi baxımdan auditoriya qazanırlar. Pul axınının qarşısını almaq çox çətindir, çünki bu məsələ söz azadlıqları qanunları çərçivəsində tənzimlənir. Ola bilsin Azərbaycan müxalifəti diqqəti daxildəki mübarizədən bu istiqamətə yönəldə bilsə, Qərbin diqqətini spesifik insan haqları pozuntusuna çəksə, bu, effektiv olar. Amma Vaşinqtonda belə bir düşüncə var ki, öz maraqlarını təşviq edən ölkə təkcə geosiyasi yox, həm də demokratik müttəfiq olmalıdır.  Ölkənin beynəlxalq miqyasda geosiyasi maraqlarını dəstəkləmək üçün Vaşinqton onun daxili siyasi sisteminə göz yummaq məcburiyyəti qarşısında qalmamalıdır”.

Amerikanın səsi

Ana səhifəXəbərlərMaykl Çeçire: “Azərbaycan tam avtokratik ölkədir”