Maqda Gebbels – 3-cü Reyxin “nikah üçbucağı”nda yaşayan birinci ledisi

Toydan sonra Maqdanın anası Auqusta əvvəlki soyadına (Berend) qayıdaraq Gebbelslərin evinə köçür, atası Rihard Fridlendersə qızıyla bütün əlaqələrini kəsir.

Source: meydan.tv


(birinci hissə)

Maqda Gebbels – nasist Almaniyasının xalq təhsili və təbliğat naziri Yozef Gebbelsin həyat yoldaşı, Nasional

Sosialist


Alman

Fəhlə

Partiyasının


(NSAFP) tanınmış simalarından biri,

Adolf Hitlerin yaxın silahdaşı və 3-cü Reyxin birinci ledisi. Ərindən çox liderini sevib-sayan, “Onun yolunda ölümə gedərəm” deyən bu qadın sonda övladlarını da Hitlerə qurban verməli olub – 5 qızını və bir oğlunu zəhərləyərək öldürüb…

****

Yohanna Mariya Maqdalena 1901-ci ildə Berlin şəhərində dünyaya gəlib. Son dövrlərə qədər hesab olunurdu ki, anası Auqusta Berend varlı mühəndis Oskar Ritcelin evində xidmətçi işlədiyi vaxt qızına hamilə qalıb, amma 2016-cı ildə Riçard Fridlenderə – yəhudi mənşəli varlı tacirə, Auqustanın ikinci ərinə aid Berlin arxivindən tapılmış bir sənəd Maqdanın bioloji atasının bu şəxs olduğunu üzə çıxarıb. Bundan sonra yaranmış ehtimala görə, Auqusta və Oskar arasında nikah uşağın qanundankənar doğulmasına imkan verməmək üçün bağlanıb.

Maqdanın 3 yaşı olanda onlar ayrılıblar, 5 yaşında isə anası qızını Kölnə göndərərək yenidən Oskarla yaşamağa başlayıb.

1908-ci ildə Auqusta Riçarda ərə gedib və artıq Fridlender soyadını daşıyan Maqda ailəsiylə birlikdə Belçikaya köçüb. Hər iki atası tərəfindən çox sevilən, buna rəğmən ərköyün və şıltaq böyüdülməyən Maqda kifayət qədər ağıllı və istedadlı uşaq olub. Vilvord şəhərindəki Ursula monastırına verilən qızcığaz burda yüksək səviyyəli katolik təhsili alıb. Duysburq (Almaniya) şəhərindəki Krefeld lojasının üzvü olan atalığı Oskar Ritçelin sayəsində o, daha əvvəl buddizmlə də tanış olmuşdu.

Birinci dünya müharibəsi başlayanda ailə Almaniyaya qayıdıb və Maqda təhsilini əvvəlcə Kolmorgen liseyinin orta məktəbində, sonra da nüfuzlu Holtshauzen qadın kollecində davam etdirib.

Bu arada anası Riçard Fridlenderdən də boşanıb, amma Maqda ərə gedənə qədər atasının soyadını daşıyıb və ikinci evliliyinə qədər – qatı yəhudi düşməni Yozef Gebbelslə ailə qurana qədər onunla əlaqə saxlamaqda davam edib.

****

Berlində həm də atalığıyla əlaqə saxlayan; Oskarın buddizm, Riçardınsa sionizm haqqında söhbətlərinə ciddi və diqqətli həmsöhbət kimi reaksiya verən gənc qız, üstəlik, son dərəcə gözəliydi də və bilirdi ki, cəmiyyətin ən üst təbəqəsində ola bilmək üçün bunu sadəcə arzulaması kifayət edər.

Amma həmin illərdə Maqda hələ ki, hisslərinə üstünlük verir, rəfiqəsi Liza Arlozorovanın qatı sionist olan qardaşı Haimə vurulur. Lizanın gündəliyində yazılanlara görə, onda Maqda sevgilisiylə birlikdə yəhudi gənclərin “Tikvat Sion” təşkilatının yığıncaqlarına – Fələstinin gələcəyilə bağlı müzakirələrə qatılır, Haimin hədiyyə etdiyi David Ulduzunu taxır, ibrani dilini öyrənməyə başlayır və hətta onunla birlikdə Fələstinə köçməyi planlaşdırır. Ancaq həmin an gəlib çatanda – Haim Britaniya idarəçiliyindəki Fələstinə yola düşəndə fikrindən daşınır. Halbuki sonrakı illlərdə Arlozorov Yəhudi Agentliyinin siyasi şöbəsinə rəhbərlik edəcək, İsrailin gələcək prezidenti Haim Veysmanın yaxın dostuna çevriləcək, yəhudilərin o dövrdəki ən güclü partiyası MAPAY-ın lideri seçiləcək, siyasətdə İshak Rabinin sələfi olacaqdı. Yəni Maqda içindəki şan-şöhrət arzusunu və karyera həvəsini üstələsəydi, başqa bir mübarizənin zirvəsinə qalxa bilər, övlad qatili olmaq məcburiyyətində qalmazdı.

1920-ci ildə baş verən bir hadisə onu bu yoldan daha da uzaqlaşdırır – Maqda Berlin qatarında o vaxt Almaniyanın ən varlı adamlarından biri hesab olunan Günter Kvandla rastlaşır. Qıza, demək olar ki, dərhal aşiq olan Kvandın 39 yaşı vardı və həyat yoldaşını cəmi iki il əvvəl itirmişdi. Ancaq nə aralarındakı 19 illik yaş fərqi, nə də yeni aşiqinin protestant olması qatı katolik olan Maqdanın gözünü qorxudur. Əksinə, Günterin tələbinə görə o, çox tezliklə məzhəbindən də, soyadından da imtina edib yenidən Ritçel soyadına qayıdır.

Bir il sonra onlar evlənirlər və elə həmin il də oğulları Harald dünyaya gəlir. Amma Maqdanın xoşbəxtliyi uzun sürmür – ərinin puldan başqa heç nəylə maraqlanmayan, gəzməyi-əylənməyi xoşlamayan biri olması onun rəngarəng həyatla bağlı xəyallarını puça çıxarır. Bundan başqa, Günter Maqdaya həm birinci evliliyindən olan iki oğlunun, həm də ölmüş dostunun üç övladının qayğılarını yükləmişdi.

İlkin planların və ümidlərin məhv olması onların sürətlə yadlaşmasına və hətta bir-birinə nifrət etməsinə gətirib çıxarır. 1927-ci ildə Amerikaya 2 aylıq birgə səfər belə ailədəki vəziyyəti yaxşılaşdırmır. Əksinə, ABŞ prezidenti Herbert Huverin qardaşı oğlundan eşitdiyi sevgi etirafı Maqdaya həyatının çatışmayan tərəfini xatırladır.

Sonrakı bir il ərzində onların münasibətləri daha da pisləşir. Həyat yoldaşına gələn məktubları oxumaq adəti olan Ergün Kvand Maqdanın arvadının xəyanət etdiyini öyrənir – Maqda yenidən Haim Arlozorovla görüşməyə başlamışdı…

Ehtiyac duyduğu sevgi və ehtirası, həyatının yoxa çıxmış emosiyalarını yenidən və yenə ondan almaq qərarına gəlmiş gənc qadın yəqin ki, həmin dövrdə sevgilisinin həm də siyasi baxışlarını bölüşürdü – istər yəhudi məsələsi, istərsə də İsrail dövlətinin qurulmasıyla bağlı. Əgər Maqdanın həyatı bu məcrada davam etsəydi, dünya sionizmi onun timsalında güclü bir tərəfdar qazana bilərdi.

Amma hadisələr fərqli istiqamətdə cərəyan edir. Günter Kvand ondan rüsvayçılıqla boşanacağını bəyan edir. Maqda da ərindən geri qalmır – ərinin aşağı təbəqədən olan qadınlarla münasibətlərini sübut edən məktublarını tapır. İctimai nüfuzunun zədələnəcəyindən qorxan Kvand Maqdaya ciddi ölçüdə güzəştə getməli olur: həm böyük miqdarda aylıq müavinət ödəməyə, həm yeni mənzil və mümkün xəstəxana xərcləri üçün pul verməyə, həm də Haraldın anasıyla qalmasına (Maqda növbəti dəfə ərə gedənə qədər) razılıq verir. 1929-cu ilin yayında onlar boşanırlar.

Bu xəbər prezident Huverin qardaşı oğluna da çatır və o, sevdiyi qadına evlilik təklifi etmək üçün dərhal Berlinə yola düşür. Ancaq Maqda ona rədd cavabı verir və başqa vaxtda, başqa şərtlər daxilində birlikdə ola biləcəklərinə eyham vurur. Bu sözlər “Romeonu” elə həyəcanlandırır ki, içində olduqları avtomobil qəzaya uğrayır. Sonrakı bir neçə ayı Maqda xəstəxanada keçirməli olur.

****

Bu hadisədən təxminən bir il sonra Maqda nasional-sosialistlərin o dönəmdə tez-tez keçirilən mitinqlərindən birinə gedir; necə deyərlər, maraq xatirinə. Tribunadakı şəxsin – NSAFP-ın Berlin təşkilatının rəhbəri Yozef Gebbelsin natiqlik qabiliyyəti və 15 minlik kütlənin siyarəetdici coşqusu gənc qadında güclü emosiyalar yaradır və bu yeni hisslər onun sionizm haqqında düşüncələrini beynindən vurub atır. Çox keçmədən partiyaya üzv olmaq fikrinə düşən Maqdanı mehribanlıqla qarşılayırlar, ilk növbədə Hitlerin “Mənim mübarizəm” kitabıyla tanış olmasını məsləhət görürlər. Az sonra Maqda Berlin təşkilatının rəhbərləriylə, o cümlədən, Yozef Gebbelsin özüylə də tanış olur.

Doktor Gebbels bu tanışlığı gündəliyində xüsusi zövqlə qeyd edib

(7 noyabr 1930-cu il)

:

“Kvand soyadlı gözəl bir qadın mənim şəxsi arxivimlə məşğul olur”.

Sonrakı 3 ayda onların münasibəti lap da şəxsiləşir:


(15 fevral 1931-ci il)

“Axşam Maqda gələcək və çox uzun müddət mənimlə birlikdə qalacaq. Və sarışın şirinliyinin cazibəsiylə çiçək açacaq. Hardasan axı, kraliçam?”

Maraqlıdır ki, Gebbelsin də həyatında “bir yəhudini sevmək” faktı olub. O, gündəliyində Anka Ştalher adlı bu qadın haqqında da yazıb:

“Onu əvvəllər necə çox sevdiyimi xatırlayıram. Və elə indi də sevirəm!”

Deyilənlərə görə, yalnız nazir təyin ediləndən sonra Ştalheri unutmaq məcburiyyətində qalmış Gebbels 1936-cı ildə dözməyib onu nazirliyə – “çay içməyə” dəvət edibmiş.

maqdagebbels.jpg
M.Gebbels, A.Hitler və Y.Gebbels

Amma Maqdayla Arlozorov arasındakı görüşlərdən biri (1931) çox ağrılı və hətta təhlükəli olmuşdu – “sarışın şirinliyin cazibəsi” söhbətindən təxminən bir ay sonra sevgilisini görməyə gələn Haim onun qatı antisemitlə birlikdə olmasını öyrənib dəhşətə gəlmiş, Maqdaya atəş açmışdı. Təsadüfənmi, ya bilərəkdənmi boşa çıxmış bu atəş gənc qadına bəhanə vermişdi ki, artıq o da özünü dünya yəhudilərinin qurbanlarından biri hesab etsin.

Bəzi mənbələrə görə, həmin görüşdən sonra Haimlə Maqdanın münasibəti daha bir il davam etmiş, sionizmin ən görkəmli nümayəndələrindən biri antisemitizmin eyni dərəcədə görkəmli nümayəndəsinin də sevgilisi olan qadından dərhal ayrıla bilməmişdi (Bunun həm də siyasi səbəbləri olduğu deyilir – ehtimal edilir ki, Arlozorov almaniyalı yəhudilərin Fələstinə köçməsinə dəstək məqsədilə hazırlanan Haavara razılaşmasına Gebbelsdən dəstək almaq üçün Maqdanın köməyindən yararlanmaq istəyirmiş).

Nəticədə bu qarışıq-dolaşıq münasibətlər ağlasığmaz bir dördbucağa çevrilmişdi – küncün birində Hitler Almaniyasının gələcək naziri, o birində İsrailin gələcək qurucu atalarından biri, digərində 3-cü Reyxinin gələcək “birinci ledisi” və nəhayət, sonuncusunda – Gebbels nazir olandan sonra da onun üçün əlçatmaz olmuş “sıravi” yəhudi qadın…

****

1931-ci ildə Maqda NSAFP-nin sədri Adolf Hitlerlə də tanış olur.

“Kayzerhof” mehmanxanasında baş tutan tanışlıq zamanı “onun böyük gözləri tez-tez Hitlerin diqqətli baxışlarına tuş gəlirdi” (Otto Vaqener).

Bu, nasistlərin hakimiyyətə doğru irəlilədikləri, ancaq ondan hələ çox uzaq olduqları dövrüydü. Onda Yozef Gebbelsin nə vəzifəsi, nə də cəlbedici görünüşü vardı (Zəif bədən quruluşuna və kiçik boyuna görə partiya yoldaşları gizlində ona “cırtdan ari” deyirdilər), üstəlik, möhkəm axsayırdı. Hitlerə son dərəcə sadiq olan bu adam həm də tamamilə ondan asılı vəziyyətdəydi.

Hitlersə tamam başqaydı, qadınların çoxu onu az qala dahi hesab edirdi.

Çox keçmir ki, Maqda da Hitler haqqında belə düşünməyə başlayır və tezliklə bu düşüncə fanatik bir sevgiyə çevrilir. Günlərin birində eşidir ki, Hitler dar bir çevrədə onun haqqında danışıb; ərdə olmasa belə, öz həyatında bu qadının böyük rol oynaya biləcəyini deyib, amma yenə də “heyif ki, evli deyil” deyə təssüflənib. Böyük ehtimal, Maqdanın Yozeflə ailə qurmaq qərarında həlledici faktor məhz bu sözlər olub.

Beləliklə, 1931-ci ilin dekabrında Maqda artıq Kvand yox, Gebbels soyadını daşımağa başlayır, nikah mərasimində iki şahiddən biri olmuş Hitlersə sözün əsl mənasında onun həyatının mənasına çevrilir.

Bu üçü arasında sevgi üçbucağının olmasıyla bağlı şaiyələrə rəğmən, münasibətlərin o şəkildə olduğunu sübut edən birbaşa dəlillər yoxdur.

Almaniyalı tarixçi, “Gebbels.Bioqrafiya” kitabının müəllifi Peter Longerih Gebbelsin 6700 səhifəlik əlyazmadan və 34 min çap vərəqindən ibarət “irsini” – gündəliklərini, çıxışlarının mətnini və məqalələrini araşdırandan sonra onların münasibətlərini “nikah üçbacağı” adlandırırb (“Deutschlandradio Kultur” radiosuna müsahibəsindən):

“Gebbelsin nisbətən təzəlikcə dərc olunmuş gündəlikləri bu məsələyə kifayət qədər aydınlıq gətirib – orda yazılıb ki, Yozef Maqdayla görüşməyə başlayandan sonra Hitler də ona maraq göstərib. Sonra “iddiaçılar” öz aralarında kişi söhbəti ediblər və Hitler Maqdadan vaz keçib. Əlbəttə, onların bir-birinə nə dərəcədə yaxın olmasıyla bağlı biz ancaq təxminlər yürüdə bilərik. Ancaq mən kitabımda üçbucaqdan – üç nəfərin nikahından yazmışam. Çünki Hitler Gebbelslər ailəsinin üzvü kimi davranıb”.

Məsələnin bu tərəfini sübut etmək üçün fakt-dəlil axtarmağa ehtiyacı yoxdur – Yozef və Maqda evlənəndən sonra Hitler çox tez-tez onlara qonaq gəlib və onlar istirahətə də çox vaxt birlikdə gediblər. Bundan başqa, Gebbelsin gündəliklərində Maqdanın Hitlerin evinə tək getməsi barədə də qeydlər var.

Kinorejissor Leni Rifenştalsa memuarlarında Maqda Gebbelsdən belə bir sitat gətirib:

“Mən ərimi sevirəm, amma Hitlerə sevgim daha böyükdür, ona canımı da qurban verməyə hazıram. Ərimlə münasibətim çox yaxşıdır, ancaq mən ancaq Hitlerə yaxın olmaq istəyirəm”.

Bəzi tarixçilər bu sözlərin həqiqətən də Maqdaya aid olmasına şübhəylə yanaşırlar, çünki Rifenştalın xatirəlrində dəqiq olmayan faktlar çoxdur.

Toydan sonra Maqdanın anası Auqusta əvvəlki soyadına (Berend) qayıdaraq Gebbelslərin evinə köçür, atası Rihard Fridlendersə qızıyla bütün əlaqələrini kəsir. 1938-ci ilin yayında onu elə öz kürəkənin əmriylə həbs edərək Buhenvald ölüm düşərgəsinə göndərirlər, 1939-cu ilin fevralında isə Riçard ölür.

Maqdanın sevimli Haimi isə artıq bir neçə iliydi ki, həyatda yoxuydu: 1933-cü ilin iyununda Təl-Əvivdə Arlozorova qarşı sui-qəsd təşkil edilmiş, aldığı güllə yaralarından elə hadisə yerindəcə keçinmiş məşhur sionistin ölümündə həm də Gebbelsin adı hallanmışdı. Ancaq nə onda, nə də sonralar bununla bağlı hər hansı dəlil aşkar edilib. Elə İsrail hökumətinin son olaraq 1982-ci ildə yaratdığı rəsmi istintaq komitəsi də qatillərin kimliyini və qətldə siyasi motiv olub-olmadığını müəyyənləşdirə bilməyib.

****

Ərə gedəndən sonra da Maqda kişilərin diqqət mərkəzində qalmaqda davam edir. İtaliya faşistlərinin lideri Benito Mussolini belə onun gözəlliyi haqqında “ağlasığmaz şeylər” deyir. Hitler, demək olar ki, hər gün və ancaq kişilərin müşayətilə Gebbelslərə qonaq gedir. Yozef nazir təyin olunandan çox az sonrasa Maqda de-fakto “birinci ledi” statusuna yüksəlir. Artıq o, Reyxin bütün qadınları üçün “gerçək bir ari qadını” nümunəsiydi, sonrakı il dünyaya gətirəcəyi qız uşağı isə Hitlerin sevimlisinə çevriləcəkdi…

Ana səhifəXəbərlərMaqda Gebbels – 3-cü Reyxin “nikah üçbucağı”nda yaşayan birinci ledisi