“Manatın ucuzlaşmasının son həddi deyil”

Samir Əliyev: “Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da”

Source:



Samir Əliyev: “Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da”



Azər Mehdiyev: “Əgər kursu özünüz istədiyiniz kimi müəyyənləşdirirsinizsə, bunu niyə “üzən kurs” adlandırırsınız ki?”



 “Təəssüflə də olsa deməliyik ki, gözlənilən devalvasiya baş verdi”.

Bunu iqtisadçı Samir Əliyev üzən məzənnə rejimini şərh edərkən deyib. Bu barədə açıqlama yayan iqtisadçı deyir ki, ehtiyatlar təzyiq altında davam gətirə bilməzdi:

“Manat bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyərini 47,6 faiz itirdi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdir. Valyutadəyimə məntəqələrində isə daha bahadır.

Ona görə gözlənilən idi ki, açıqlamalarımızda bunun baş verəcəyini, sadəcə zaman məsələsi olduğunu qeyd etmişdik. Hökumət üzən məzənnəyə keçid barədə danışanda artıq devalvasiyanın olacağına heç şübhə yeri qalmamışdı. Bir sözlə, müzakirə zaman və forma barədə gedə bilərdi.

Açıqlamalarda qeyd etmişdik ki, hökumət valyuta ehtiyatları qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən, Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi”.

Samir Əliyev deyir ki, FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi:

“Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə, ilk növbədə, kəskin ucuzlaşmanı göstərir. Biz də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da.

Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı”.

Ekspertin fikrincə, üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq: “Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca, manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək.

Manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq”.

Samir Əliyev hesab edir ki, hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. “Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq.

Əsas problem inflyasiya olacaq. Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devlavasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır” – deyə ekspert vurğulayıb.

İqtisadçı Azər Mehtiyev də deyir ki, aylarla söylədikləri proqnoz özünü doğrultdu:

“Neftin qiyməti aşağı düşdükcə və ölkənin neft gəlirləri azaldıqca, müstəqil ekspertlər manatın devalvasiyasının qaçılmaz olduğunu söyləyəndə hökumət onları “əhali arasında panika yaymaqda” suçlayırdı. Hətta fevral devalvasiyasından sonra da manatın məzənnəsinin 1.05 səviyyəsində saxlanılmasının başa düşülən olmadığını dəfələrlə bildirmişik. Mərkəzi Bank və hökumət isə israrla bildirirdi ki, hər şey nəzarət altındadır, heç bir devalvasiya olmayacaq. Hökumətin bu qədər israrları nəticəsində, habelə fevralda atılmış addımdan ölkə iqtisadiyyatının, xüsusilə bank sektorunun hələ özünə gələ bilmədiyini nəzərə alıb hökumətin qısa bir müddətdə ikinci bir ağır addım ataçağından, yəni kəskin devalvasiyaya gedəcəyindən çəkinəcəyini düşünürdük. Bu addımın ən tezi yanvarda olacağı gözlənilən idi. Amma bu qərar bir daha göstərdi ki, hökumət komandasının fəaliyyəti proqnoza gəlmir”.

Baş verən hadisəni öz Facebook səhifəsində şərh edən iqtisadçı deyir: “ABŞ-da FES uçot dərəcəsini qaldırmağa hazırlaşdığını tam 1 il əvvəldən bəyan edir, araşdırmalar və müzakirələr aparır və cəmiyyəti buna hazırlayır. Uçot dərəcəsinin qaldırılması isə tədricən, addım-addım, məqsədyönlü şəkildə həyata keçirilir. Heç bir panikaya imkan verilmir. Buna cəmiyyəti idarə etmək deyirlər.

Ölkəmizdə isə tamamilə fərqli yanaşma hökm sürür: siyasət qapalı aparılır, cəmiyyət aldadılır, ən yüksək səviyyədə hər şeyin nəzarət altında olduğu, heç bir problemlərin olmadığı bəyan edilir, əhali iqtisadi savadsızlıqda və yersiz panikaya düşməkdə ittiham olunur, sonra isə birdən kəskin addımlar atılır…

Mərkəzi Bank üzən məzənnə siyasətinə keçdiyini bəyan edir və dərhal manatın dollara nəzərən kursunu 1.05-dən 1.55-ə yüksəldir. Amma heç bir izahat yoxdur ki, niyə 1.15 yaxud 1.35 yox, məhz 1.55. Bu məzənnə hardan ortaya çıxdı? Kim hesabladı? Kim qərar verdi?

Demirsiniz ki, “üzən məzənnəyə keçirik”, onda manatın “cilov”unu buraxın, manat özü tədricən kursunu tapsın. Əgər kursu özünüz istədiyiniz kimi müəyyənləşdirirsinizsə, bunu niyə “üzən kurs” adlandırırsınız ki?

Budurmu “analoqsuz inkişaf” və “güclü iqtisadiyyat”? Qərb ölkələri belə inkişafamı paxıllıq edir?”

Ana səhifəXəbərlər“Manatın ucuzlaşmasının son həddi deyil”