Manat ucuzlaşdı

Rəsmi məzənnələrdə 100 dolların məzənnəsi 78,44 manatdan 78,48 manata qaldırılıb

Source:


Rəsmi məzənnələrdə 100 dolların məzənnəsi 78,44 manatdan 78,48 manata qaldırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə məlumat yayıb. Bankdan verilən məlumata görə, AMB-nin İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.  Artıq bu gündən manatın dollara qarşı məzənnəsində cüzi də olsa enmə başlayıb. AMB-nin fevralın 16-a müəyyənləşdirdiyi rəsmi məzənnələrdə 100 dolların məzənnəsi əvvəlki kimi 78,44 manatdan 78,48 manata qaldırılıb.


“İlin əvvəlindən milli valyutanın qorunması üçün 1 milyard dollara yaxın vəsait xərclənib”

Azərbaycan manatın dollara nisbətdə saxlanmasından imtinaya hazırlaşır. Bu fikri Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 15-də “Financial Times” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, fiskal və monetar siyasətə bəzi düzəlişlər etmək lazımdır: “Daha çevik məzənnə və tədricən hədəflənən inflyasiya rejiminə keçid etməyi nəzərdən keçiririk”.

Müəlliflər Jack Farchy və Tony Barber yazır ki, dolların məzənnəsinin tənzimlənməsindən imtina Azərbaycan üçün ciddi siyasət dəyişikliyidir. İyundan neftin qiymətində 47 faizlik düşmə iqtisadi və siyasi sabitliyi ilə öyünən bu ölkəni də silkələyib. Neft və qaz ölkə ixracının 95, hökumət gəlirlərinin 70 faizini təşkil edir.

“2015-ci il Azərbaycan iqtisadiyyatı üçün kritik illərdən biridir. Əsas məqsəd iqtisadiyyatı şaxələndirmək, yeni iqtisadi artım modelinə keçmək, bir mənbədən asılılığı azaltmaqdır”, – Rüstəmov deyib.

Mərkəzi Bankın sədri dolların tənzimlənməsindən nə vaxt imtina olunacağını deməyib, ancaq vurğulayıb ki, valyutanın hər hansı formada zəifləməsi qəfil deyil, tədrici olacaq, bank “əhalinin maraqlarını nəzərə alacaq”.

2011-ci ildən dolların manata nisbətən məzənnəsi 0.78 həddində saxlanıb, baxmayaraq ki, digər regionlarda valyutalar – rus rublu, qazax təngəsi, gürcü larisi kəskin düşüb.

Elman Rüstəmov söyləyib ki, Mərkəzi Bank avro-dollar səbətinin xeyrinə olaraq sabit dollar məzənnəsini buraxmağı planlaşdırır. İnflyasiya hədəfi 5-7 faiz götürüləcək. Ötən il inflyasiya 1.4 faiz olub.

Elman Rüstəmov dediyinə görə, ilin əvvəlindən milli valyutanın qorunması üçün 1 milyard dollara yaxın vəsait xərclənib. Narahat əmanətçilər əmanətlərini dollara çeviriblər.

Azərbaycanın xarici valyuta ehtiyatları 52 milyard dollardır, iqtisadiyyatın həcminə baxanda, nisbətən böyük rəqəmdir, ÜDM-nin 70 faizinə bərabərdir. Bu fakt ölkə iqtisadiyyatını neftin qiymətinin düşməsinin təsirindən qoruyub.

Ancaq Rüstəmov deyib ki, Mərkəzi Bank iqtisadiyyatda “müəyyən azalma” müşahidə edib – yəni ötən ildəki 2.8 faizlik artımla müqayisədə.

“Financial Times” yazır ki, iqtisadiyyat dövlət investisiyasından çox asılıdır. Dövlət sərmayəsinin isə bu il azalacağı gözlənir. Hökumət neftin qiymətinin ilkin olaraq 90 dollar nəzərdə tutulduğu büdcəyə yenidən baxır.

Məzənnə siyasətində dəyişiklikdən əlavə, Mərkəzi Bank iqtisadiyyatın stimullaşdırılması üçün bir sıra monetar tədbirlər üzərində də işləyir. Bu tədbirlərə ipoteka istiqrazlarının alınması, kiçik və orta sahibkarlığa kredit ayrılması, bank sektoruna birbaşa dəstək daxildir (Azadlıq Radiosu).


Hökumət manatın yumşaq ucuzlaşdırılmasına start verdi

İqtisadçı ekspert Samir Əliyev deyir ki, Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: “Hökumət manatın yumşaq ucuzlaşdırılmasına start verdi. Əslində bu addım gözlənilən idi. Çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Mərkəzi Bank iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edirdi. Bu isə valyuta ehtiyatının 15 faizinə bərabər idi. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmaq (təxminən 20-30 faiz), ya da tədricən ucuzlaşdırmaq. Göründüyü kimi, ikinci yol seçildi. Çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi”.

Ana səhifəXəbərlərManat ucuzlaşdı