Mal ətinin qiyməti qalxdı (yenilənib)

Vahid Məhərrəmov: ”Oliqarxlar qışa qədər ətin qiymətini 10 manata qaldıracaqlar”

Source:


Vahid Məhərrəmov: ”Oliqarxlar qışa qədər ətin qiymətini 10 manata qaldıracaqlar”


Avqust-sentyabr aylarında qiymətlərin 8,5 – 9 manatadək artması gözlənilir

Avqustun 1-dən 1 kq mal ətinin qiyməti 0,5 manat (6,6%) bahalanaraq 8 manata çatıb.

“Turan” agentliyi yazıb ki, bu son iki ayda ikinci bahalanmadır. Belə ki, iyunda ətin qiyməti 0,5 manat artaraq 7 manatdan 7,5 manata qalxmışdı.

2014-cü ilin avqust-sentyabr aylarında Bakı və rayonlarda mal ətinin qiyməti 8 manatdan 8,5 manata qalxıb, sonrakı aylarda isə 7 və 7,5 manata düşüb.

2015-ci ilin yanvarında isə ətin qiyməti 7 manata düşüb. Mal əti 2012-ci ilin sonu 9 manatadək bahalanmışdı. Agentlik yazıb ki, indiki bahalanma toy mövsümü ilə bağlıdır. Ona görə də, avqust-sentyabr aylarında qiymətlərin 8,5 – 9 manatadək artması gözlənilir. Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə bağlı yem və digər xərclər bahalanır. Digər tərəfdən istehlakçıların ödəniş qabiliyyəti azalır.

2008-2014-cü illərdə, neft bumu dövründə ölkədə 1 nəfərə 31 kq ət düşüb. Bu göstəricidə mal ətinin payı 30%-ə yaxın olub. İndi bu göstərici azalır.

Ticarətçilər mal ətinin aşağı likvidliyindən şikayətlənirlər.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov ətin qiymətindəki artımı inhisarçılıqla əlaqələndirir.

Bu barədə Meydan TV-yə danışan mütəxəssis deyib ki, son zamanlar oliqarxların bu sahəyə də əli çatıb: “Məmur-oliqarxların xüsusi fermaları var ki, orda ətçilik və südçülük istiqamətində mal-qara yetişdirirlər. Bir müddət əvvəl bunun üçün dövlətdən xüsusi vəsait – hər doğulan buzova görə 100 manat subsidiya almağa nail oldular. Həmin fermalar yüksək vəzifəli məmurlara məxsusdur. Onlar əvvəllər Gürcüstandan iri buynuzlu heyvanları gətirib nisbətən ucuz qiymətə satırdılar, yerli heyvan əti ilə müqayisədə ətin qiyməti hər kiloqramda 1 manat fərq edirdi. Sonradan bəhanə etdilər ki, Gürcüstandan gətirdikləri mal-qarada xəstəlik var. Bununla da, idxalın qarşısını aldılar və qiymət artımına zəmin yaratdılar. Artıq kəndlilər heyvan saxlaya bilmirlər. Məsələ ondadır ki, süni qiymət artımının qarşısını almaq üçün onlar saxladıqları heyvanı satmağa məcbur oldular. Bu vəziyyəti yaratmaq üçün kəndlilərin örüş sahələri əllərindən alındı, həm də bəzi hallarda mal-qarada xəstəlik yayılması da kəndliləri çıxılmaz duruma saldı. Vaxtından əvvəl kəsimə getdilər. Beləliklə, oliqarxlar son zamanlar qıtlıq yaranması fürsətindən bəhrələnirlər. Çünki qiymət artımına nail olublar və bazar nəzarətlərində olduğundan, qiyməti diktə edəcəklər”.

V.Məhərrəmov hesab edir ki, ətin qiymət artımı tendensiyası davam edəcək: “Oliqarxlar qış ayına qədər ətin qiymətini 10 manata qədər qaldıracaqlar”.

Ana səhifəXəbərlərMal ətinin qiyməti qalxdı (yenilənib)