”Maaş kartım olmayıb, ayda 7-8 min manat almışam”

Keçmiş baş mühasib: ”Əmək haqqı kartında maaşlar az göstərilirdi”

Source:
Leyla Şıxlinskaya


Keçmiş baş mühasib: ”Əmək haqqı kartında maaşlar az göstərilirdi”

“Hər əməliyyatın qiyməti var. Məndə əmək haqqı kartı olmayıb. Təxminən ayda 7-8 min manat pul almışam”.

Bu sözləri məhkəmədə şahid kimi ifadə verən həkim Namiq Mustafayev deyib.

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları – Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva, Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahidlər dindirilib. Namiq Mustafayev ifadəsində deyib ki, Neftçilər Xəstəxanasında göz həkimi işləyir. O, Leyla Şıxlınskaya klinikası ilə də əməkdaşlıq etdiyini, əməliyyat etdikdən bir həftə sonra kassadan pulu aldığını deyib.

Təqsirləndirilən Ş.Abbasova onun dediklərini təsdiq edib. Deyib ki, rəsmi sənədlərdə həmin şəxsin 180 manat əmək haqqı aldığı qeyd edilib:

“Vergilər Nazirliyi bizdən kart sisteminə keçməyi tələb etmişdi. Biz də bütün işçilərin adına əmək haqqı kartı açmışdıq. Lakin orada maaş az göstərilirdi”.

Şahid Pərviz Səmədov isə uşaq cərrahı olduğunu deyib. Bildirib ki, əmək haqqı kartı olmayıb və aylıq maaş alıb.

Şahid Nuriyyə Qədirova isə klinikada ginekoloq kimi çalışdığını deyib:

“Mən həmişə maaşımı vaxtında almışam. Mənim əmək haqqı kartım olmayıb. Lakin pulumu həmişə vaxtında almışam”.

İlqar Həsənov isə klinikada mühafizənin rəisi işlədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini deyib. Bildirib ki, Nuri Nuriyev adlı şəxs bir gün işdən sonra klinikaya gələrək mühasibatlıq otağına gedib:

“Biz də bu haqda baş mühasibə dedik. Bundan iki gün sonra məni adi mühafizəçi işinə təyin etmək istədilər. Mən də buna razı olmadım və ərizəmi yazıb işdən çıxdım”.

Təqsirləndirilən Ş.Abbasova deyib ki, N.Nuriyev onlarda kompüterlə bağlı işləri görən şəxs olub.

Nuru Nuriyev isə ifadəsində deyib ki, İT sahəsində çalışır. O, işdən sonra həmin otağa getdiyini təsdiq edib:

“Məndən Leyla xanım xahiş etmişdi ki, sənədləri kopyalayım. Həmin vaxt audit yoxlama gəlmişdi. Mən də onun dediyini etdim. Həmin otağın açarını Leyla xanım vermişdi. Mən məlumatları aparıb ona verdim və bu haqda heç kimə demədim”.

Ş.Abbasova bildirib ki, N.Nuriyev sonradan həmin görüntüləri kameradan silib.

Hakim isə deyib ki, Ş.Abbasovaya məxsus kompüter ekspertizasan keçirilib və ona müdaxilə edildiyi məlum olub. Hakim həmin rəyin növbəti iclasda elan ediləcəyini söyləyib.

Proses yanvarın 30-da davam edəcək.

Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham

edir.

Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işindən məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

Ana səhifəXəbərlər”Maaş kartım olmayıb, ayda 7-8 min manat almışam”