Lukaşenko 81 yaşına qədər prezident olmaq istəyir

Sasa Dzambic Photography/Shutterstock

Belarus konstitusiyasına yeni düzəlişlərin edilməsi planlaşdırılır

Belarus prezidenti Aleksandr Lukaşenko 2035-ci ilə qədər hakimiyyətdə qalmaq iddiasındadır. Bununla bağlı konstitusiyaya düzəlişlər layihəsi açıqlanıb.

Məlumatı Azadlıq Radiosu yayıb.

1994-cü ildən prezident vəzifəsində olan Aleksandr Lukaşenko həm də özünün toxunulmazlığını nəzərdə tutan layihənin gələn ilin fevralında referenduma çıxarılacağını bildirib.

Layihə BelTA dövlət xəbər agentliyi və prezidentin vebsaytında dərc olunub.

Sənəd A.Lukaşenkanın 81 yaşınadək hakimiyyətdə qalmasını təmin edir.

Qeyd olunub ki, nəzərdə tutulan dəyişikliklər hazırda formal hesab olunan parlamenti daha da zəiflədir və Ümum-Belarus Xalq Məclisinin rolunu möhkəmləndirir:

“Loyalistlərdən ibarət bu periodik toplantının hazırda heç bir qanuni idarəedici statusu yoxdur. Amma dəyişikliklər qəbul olunarsa, bu məclis parlamentə paralel fəaliyyət göstərə bilər”.

Təkliflərə görə, vəzifədə olan prezident avtomatik olaraq 1200 yerlik məclisin üzvüdür və digər nümayəndələr tərəfindən seçilərsə, ona sədrlik edə bilər.

Müxalifət layihəni biabırçı addım kimi dəyərləndirib.

“Rejimin konstitusiya layihəsi belaruslulara real seçim vermir. O, diktatorun hakimiyyətini təmin etməsinə, süni Ümum-Belarus Xalq Məclisi vasitəsilə vəziyyətə nəzarət etməsinə, təqibdən yayınmasına imkan verəcək. Böhranın yeganə həlli yeni prezident seçkisidir”, – deyə müxalifət lideri Svetlana Tixanovskaya “Twitter” səhifəsində yazıb.

2020-ci ildə Belarusda keçirilən prezident seçkisindən sonra onminlərlə insan meydanlara çıxaraq etiraz etsə də, əksəriyyət repressiyaya məruz alıb. Saxlanılara qarşı işgəncələrə yol verildiyi deyilir. İnsan haqlarının müdafiəsi qrupu “Vyasna” ölkədə 900-dən çox siyasi məhbus olduğunu bildirir.

ABŞ və Avropa ölkələri A.Lukaşenkanı prezident kimi tanımır və bir sıra sanksiyalar tətbiq edib.

Ana səhifəDünyaLukaşenko 81 yaşına qədər prezident olmaq istəyir