“Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov hüquq müdafiəçisinin saçından tutub, yerə yıxıb və onu yerdə sürüyüb”
Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi, nüfuzlu beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Leyla Yunus həbsxana əməkdaşlarının biri tərəfindən döyülüb. Onun vəkilləri baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, 24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. Nəhayət, üçüncü cəhddə vəkillər hüquq müdafiəçisi ilə görüşüblər. L.Yunusun vəkillərinə bildirdiyinə görə, son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından o, soyuq su ilə çimməli olub və nəticədə bərk soyuqlayıb. Hətta bir neçə gün qızdırmalı yatıb. Lakin bu durumuna baxmayaraq, ona heç bir tibbi yardım göstərilməyib. L.Yunus qızdırmalı yatdığı halda, bazar günü onun kamerasında “şmon” keçirilib və nəzarətçilər ciddi şəkildə hansısa yazı axtarıblar. Axtarışdan sonra hüquq müdafiəçisinin yaxınları ilə telefon ünsiyyəti hüququna bir aylıq qadağa qoyulub.
Məlumatda o da qeyd olunur ki, bu həftənin 1-ci və 2-ci günü bərk qızdırması olduğundan və yeriməyə halı olmadığından Leyla Yunus vəkilləri Xalid Bağırov və Elçin Qəmbərovla görüşə
çıxa bilməyib: “Leyla xanım bildirib ki, dünən günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov kamerasına gəlib, onun qolunu buraraq, kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb. Orada saçından tutub, yerə yıxıb və onu yerdə sürüyüb. Bunun üzərindən ona, “ağıllanmırsan da, sən” deyə, bağırıb. Onun böyründən zərbələr endirib”.
Vəkillərin açıqlamasına görə, Leyla Yunusun saçının yolunmuş halını onlar özləri də müşahidə edib: “Leyla Yunusun vəkilləri olaraq bu yaranmış durumun biabırçılıq və yolverilməz olmasını bildirir və aidiyyəti orqanlardan bununla bağlı təxirəsalınmadan araşdırma aparmasını, təqsirli şəxslərin cəzalandırılmasını və Leyla Yunusa təcili müvafiq yardım göstərilməsini tələb edirik. Beynəlxalq Qırmızı Xaçın Bakıdakı nümayəndələrindən Leyla Yunusun Təcridxanada yoxlanılmasını rica edirik.
Elçin Qəmbərov
Fariz Namazlı
Cavad Cavadov
Xalid Bağırov
Əlayif Həsənov
24.09.2014 “.