Leyla Yunusa səhər zəngi

Hüquq müdafiəçisi prokurorluğa çağrıldı, amma o, imtina etdi

Source:


Hüquq müdafiəçisi prokurorluğa çağrıldı, amma o, imtina etdi

Mayın 29-da səhər saat 9 radələrində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbaranski hüquq müdafiəçisi Leyla Yunusa zəng edərək onu dindirilməyə çağırıb.

Meydan TV-yə məlumat verən Leyla Yunus bildirib ki, o, İbrahim Ləmbaranskiyə özünün və həyat yoldaşı Arif Yunusun pasportları qaytarılmayacağı təqdirdə prokurorluğa gəlməyəcəyini deyib: “O sanki məni eşitmirdi və kobud şəkildə cavab verdi ki, 2 saatdan sonra sizi prokurorluqda gözləyəcəm. Dedim ki, əlbəttə, əgər 1 saatdan sonra pasportları gətirsəniz, mən deyilən vaxt prokurorluqda olacam. Əks təqdirdə, siz DİN və MTN-nin əməkdaşları ilə arxamca gəlsəniz, mən də jurnalistləri və həmkarlarımı dəvət edəcəm. Və Stalinqrad müdafiəsində olduğu kimi müdafiə olunacam”.

Leyla Yunus güman edir ki, casusluq maddəsi ilə onu ittiham etmək alınmadığından yeni qondarma ittihamlar gözlənilir: “Söhbət daha çox vergidən yayınma və pul köçürmələrindən gedir”.

Hüquq müdafiəçisi saat 12.36-da onun qapısının bir daha döyüldüyünü dedi: “Dindirilməyə dəvət üçün prokurorluqdan göndəriş gətirmişdilər. Qapını açmadan dedim ki, pasportlarımız qaytarılmayana qədər ifadə verməyəcəm. Pasportlarımı gətirib qonşuma verin və mən sənədləri götürəndən sonra idarəylə əlaqə saxlayacam”.

Ana səhifəXəbərlərLeyla Yunusa səhər zəngi