Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun direktoru da vəzifəsindən azad edilib
Aprelin 28-də Bakıdakı 7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyli təqaüdə göndərilib. Faktı TƏBİB-dən təsdiqləyiblər. Onun yerinə mama-ginekoloq Səadət Şəmiyeva təyin olunub.
Leyla Seyidbəyli 2012-ci ilə qədər Bakı şəhər Səhiyyə İdarəsinin rəisi olub. 2012-2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, 2018-ci ildən isə 7 saylı doğum evinin baş həkimi idi.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun bacısı və parlamentin keçmiş spikeri Oqtay Əsədovun qudası kimi də tanınırdı. Yerli mətbuatda baş həkimin fəaliyyəti ilə bağlı xeyli tənqidi materiallara rast gəlmək mümkündür.
Bir gün əvvəl isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib. O, 2017-ci ildən bu vəzifədə idi. Həqiqət Qədirovanın adı bir çox qalmaqalda hallanırdı. 2018-ci ildə Uşaq Ağciyər Vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova keçirilən iclasda direktora etiraz etmişdi və bununla bağlı videogörüntü yayımlanmışdı. Həmin iclasdan sonra Səbinə Məmmədova işdən çıxarılmışdı.
Vərəmli xəstələrə saxta arayışların verilməsi məsələsində də institutun adı hallanırdı.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun daha bir həkimi isə ayrı-seçkiliyə məruz qaldığı üçün intihar həddinə çatdığını deyirdi.