Lənkəran sakini: “Avtomobildə olmadığım halda cərimələndim”

Eldar Rzayev. Foto: Meydan TV

Tibb bacıları müayinə etdi, hal şahidləri olmadı”

Lənkəran rayon sakini Eldar Rzayev ötən ilin martın 13-də 400 manat cərimələnib. O, İnzibati Xətalar Məcəlləsinin 329.3 (İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə) və 333.1 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddələri ilə təqsirli bilinib.

Meydan TV-yə müraciət edən Eldar Rzayev deyib ki, bir ildən artıqdır üz tutmadığı dövlət qurumu qalmayıb, lakin cərimə ilə bağlı şikayətinə baxılmır.

“Lənkəranda usta işləyirəm, səhər təxminən saat 10-nun yarısında çayxanadan çıxarkən polis əməkdaşları tərəfindən saxlanıldım. Məni müayinəyə apardılar, həkim tərəfindən deyil, tibb bacıları tərəfindən yoxlanıldım, sonra cərimə etdilər”,-E.Rzayev ildirib.

Onun sözlərinə görə, özünə məxsus avtomobildə olmadığı halda cərimələnib:

“Məndən təzyiq altında izahat aldılar. Saxlanılarkən hüquqlarım pozulub. Üstəlik sərxoşluq vəziyyətim yoxlanılarkən hal şahidləri iştirak etməyiblər. Lənkəran Rayon Məhkəməsində hakim dinlədi, dedi ki, haqlıyam, ancaq məhkəmə şikayətimi təmin etmədi”.

Şikayətçi qeyd edib ki, bir ildir Daxili İşlər və Ədliyyə nazirliklərinə müraciət edir, hər dəfə də işə baxılacağı ilə bağlı cavab alır. Cəriməni ödəmədiyindən avtomobilini texniki baxışdan keçirə bilmir.

E.Rzayevin qərardan verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Dövlət Yol Polisindən Meydan TV-yə deyilib ki, məsələ ilə bağlı məhkəmə qərarı var və heç nə edə bilməzlər.

Ana səhifəBölgəLənkəran sakini: “Avtomobildə olmadığım halda cərimələndim”