İlqar Vəlizadə: "Nəzarət mexanizmi o zaman tətbiq olunur ki, tərəflər razılaşmalara gəlirlər"
Rusiya, Azərbaycan və Ermənistan ən yaxın vaxtlarda Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizmini razılaşdıra bilər.
Bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da mətbuat konfransında bildirib.
Məlumatı "Turan" İA yayıb.
Rusiyanın XİN rəhbəri hesab edir ki, atəşkəs rejiminə əməl edilməsinə nəzarət mexanizminin yaradılması vacibdir: “Biz bunun üzərində fəal işləyirik, o cümlədən bizim Müdafiə Nazirliyimiz ilk növbədə Azərbaycan və Ermənistandan olan həmkarları ilə fəal iş aparır. Ümid edirəm ki, ən yaxın vaxtlarda belə mexanizm razılaşdırılacaq”.
“Hələlik ən başlıcası, həm tərəflər arasında, həm də beynəlxalq oyunçular tərəfindən qarşıdurma ritorikası dərhal dayandırılmalıdır”,- Lavrov deyib.
Onun "beynəlxalq oyunçular" dedikdə Türkiyəni nəzərdə tutduğu bildirilir.
Nazir bildirib ki, hərbi əməliyyatları və mülki obyektlərə zərbələri dayandırmaq lazımdır: “Bu, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin – Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatında da əks olunan tələbdir”.
Sergey Lavrov münaqişənin siyasi yolla nizamlanması üzrə səylərin əhəmiyyətli dərəcədə sürətləndirilməsinin vacibliyini söyləyib: “Biz tərəfləri regionda vəziyyəti daha uzunmüddətli sabitləşdirməyə imkan verəcək əsas müddəaları razılaşdırmağa sövq etməliyik”.
Siyasi icmalçı İlqar Vəlizadə Sergey Lavrovun dediklərini Meydan TV-yə şərh edərkən bildirib ki, atəşkəsə nəzarət mexanizminin tətbiqini təsəvvür etmək çətindir, yaxud qeyri-mümkündür:
“Müharibənin şiddətli vaxtında nəzarət mexanizmi nə cür tətbiq oluna bilər? Nəzarət mexanizmi o zaman tətbiq olunur ki, tərəflər razılaşmalara gəlirlər. Bundan sonra nəzarət mexanizmi razılaşmanın bir elementinə çevrilir. Yəni razılaşma olmadan hansı nəzarət mexanizmindən danışmaq olar? Futbolda nəzarət müxanizmini hakim həyata keçirir, çünki oyun gedir. Hazırda müharibənin şiddətli dövründə nəzarət mexanizmi nə ola bilər sualı açıq qalır. İkinci, indiki şəraitdə hər hansı nəzarət mexanizmindən danışmaq əbəsdir. Səbəb də bəllidir: əvvəlki razılaşmalara əməl olunmayıbsa, buna da əməl edilməyəcək”.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.
Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.
Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik “Skad” (Scud) raketi ilə endirilib.
Nəticədə 10 nəfər, o cümlədən dörd qadın həlak olub. 34 nəfər yaralanıb.
Oktyabrın 18-də Azərbaycan və Ermənistan yenidən müvəqqəti humanitar atəşkəsə razılıq
verib
.