Lari və manat, gürcülər və azərilər…

Son 5 ilin nəticəsinə görə larinin himayədarları daha etibarlı və güclü çıxıb…

Source:


Son 5 ilin nəticəsinə görə larinin himayədarları daha etibarlı və güclü çıxıb…

Milli valyutanın dayanıqlılığı iqtisadiyyatın rəqabət qabiliyyətliliyini və davamlılığını xarakterizə edən ən mühün indikatorlardan biridir. Lakin iqtisadiyyatı resurslardan kəskin asılı olan ölkələrdə durum bir qədər fərqlidi: dünya əmtəə bazarlarında qiymətlərin yüksək olduğu şəraitdə milli valyutanın dəyərini və gücünü iqtisadiyyatın rəqabət aparmaq imkanları deyil, onun arxasında duran xammalın qiyməti müəyyən edir. Bizim təcrübədə olduğu kimi: neft 100-120 dollardısa manat güclü və dəyərlidi, neft 30-40 dollardısa manat dəyərini və gücünü itirir. Hətta o qədər itirir ki, Bloomberg manatı ilin “dünyanın il ərizndə ən pis valyutası” adlandırır.

Lakin iqtisadiyyatı və valyuta gəlirləri şaxələnmiş iqtisadiyyatlarda tamam fərqli durumdu: milli valyutanın məzənnəsinin mümkün qədər sabiq qalması, iqtisadiyyatın kənar şoklardan və inflyasiyadan sığortalanması üçün ölkənin valyuta gəlirləri mümkün qədər daha çox sahədən gəlməl və mümkün qədər onun həcmi ilbəil artmalıdı.

Həmçinin valyuta kütləsinin ölkəyə böyük həcmdə axması yalnız əmtəə və xidmət ixracının həcmindən asılı deyil. Əgər milli iqtisadiyyat xarici investorlar üçün cəlbedicidirsə, onların valyuta formasında sərmayələrinin daimi axını milli valyutanın sabitliyini təmin edən əsas mənbələrdən birinə çevriləcək.

Əksəriyyətin son zamanlaradək iqtisadi baxımdan zəif saydığı Gürcüstanla Azərbaycanın timsalında bir müqayisəyə baxaq.

Gürcü larisi son 5 ildə cəmi 40%, Azərbaycan manatı 1 ildə 100% dəyər itirib. Hər 2 ölkənin tədiyyə balansının məlumatlarını izləyəndə, manat və larinin məzənnəsinə təsir edən başlıca faktorları aydın görmək olur. Məsələn, 2010-2014 cü illərdə və 2015-ci lin 1-ci yarısında Gürcüstanın tədiyyə balansının ümumi saldosundakı kəsirin həcmi çox böyük olmadığına görə həm ölkənin valyuta ehtiyatlarının əriməsi, həm də gürcü larisinin kəskin dəyər itirməsi üçün zəmin yaranmayıb. Həmin müddətdə ən böyük kəsir 2011-ci ildə olub – 572 milyon dollar. Sonrakı illərdə artıq vəziyyət dəyişib: 2013-cü ildə saldo müsbət olub (ölkəyə gələn valyuta kütləsi gedən kütləni üstələyib), 2012 və 2014-cü illərdə təxminən 35 milyon dollarlıq, 2015-ci ilin ilk 6 ayında isə 20 milyon dollarlıq mənfi saldo yaranıb.

Azərbaycanda isə 2010-2014-cü illərdə hər il tədiyyə balansının ümumu müsbət saldosu 4-5 milyard dollardan az olmayıb – ta 2015-ci lədək. Bu ilin yarısında tədiyyə balansında 6 milyard dollardan çox mənfi saldo yaranıb.

2 ölkənin valyuta axınları arasında əsas fərq xidmətlər balansında və maliyyə hesabında özünü göstərir: 6 ayda Gürcüstanın xidmətlər balansında 335 milyon dollar müsbət saldo, Azərbaycanda isə 2.4 milyard dollar mənfi saldo yaranıb. Həmin müddətdə xarici investisiyaların və kreditlərin ölkəyə daha üstün sürətlə artması hesabına Gürcüstanın maliyyə hesabında 700 milyon dollardan artıq müsbət saldo yaranıb, amma Azərbaycana kapital və investisiya formasında ölkədən çıxan vəsaitin bu kanalla daxil olan vəsaiti kəskin üstələməsi nəticəsində 6.5 milyard mənfi saldo yaranıb.

Manat və lari: başqa valyutalar qarşısında birini yalnız neft himayə edirdi – qiymətdən düşəndə özü ilə bərabər manatı da dəyərdən salan neft.

O birini isə turizm, mineral sular, metallurgiya məhsulları, gürcü çaxırı himayə edib və hələ də edir.

Son 5 ilin nəticəsinə görə larinin himayədarları daha etibarlı və güclü çıxıb…

Sonrasını da zaman göstərər.



rovsanaghayev.blogspot.com.tr

Ana səhifəAnalitikaLari və manat, gürcülər və azərilər…