Ermənistan və Azərbaycan bir-birini təxribatda günahlandırır
Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu ərazisində gərginlik yaşanıb. Baş verənlərə görə hər iki ölkənin Müdafiə nazirlikləri bir-birini günahlandırır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, noyabrın 14-ü səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyəti və texnikası Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilib, o cümlədən təxribata hazırlığı müşahidə edilib.
“Növbəti təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər həyata keçirib”,- məlumatda deyilir.
Müdafiə Nazirliyi ötən həftə də Ermənistan tərəfini dövlət sərhədinin Laçın istiqamətində 60 nəfər şəxsi heyəti yerləşdirməklə təxribata cəhd göstərdiyini vurğulayıb:
“Ancaq Ermənistanın bu cəhdi iflasa uğradı”.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfini ittiham edib. Bildirib ki, Azərbaycan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində irəliləməyə cəhd göstərib. Noyabrın 14-də saat 13radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şərq istiqamətində mövqelərini yaxşılaşdırmağa cəhd ediblər:
“Aktiv atışma başladı. Erməni hərbçiləri irəliləmək cəhdlərinin qarşısını alaraq ərazidə məskunlaşıblar. Vəziyyət gərgin olaraq qalır”.
Nazirlik Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin həlli üçün danışıqlar aparıldığını qeyd edib.
Hər iki tərəf itkilərin olmadığını bildirib.
2020-ci il, sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlayıb. 44 gün çəkən savaş nəticəsində Azərbaycan bir sıra rayon və kəndləri, eləcə də Laçın rayonunu geri alıb. Bu rayon 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Hazırda Ermənistanla Xankəndi arasında əlaqə Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Dəhlizə Rusiya sülhməramlıları nəzarət edir.