Ermənistan MN: “Erməni əsgərlərinin mühasirəyə alınması ilə bağlı xəbərlər yalandır”
Azərbaycan Müdafiə Nazirliyi noyabrın 9-u günorta saatlarında Laçın rayonununda 60-a yaxın erməni hərbçisinin mühasirəyə alındığını deyir.
Nazirliyin yaydığı press-relizdə bildirilir ki, erməni hərbçilərin bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb.
Nazirlik baş verənləri Ermənistanın növbəti hərbi təxribatı kimi qiymətləndirib və bunun iflasa uğradığını deyib:
“Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edib. Onlar Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib”.
Nazirlik qeyd edib ki, Azərbaycan Ordusunun heç bir itki verməyib: “Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edib:
“Sünik rayonunun Qara gölün ərazisində Ermənistan və Azərbaycan hərbçiləri arasında guya toqquşma baş verdiyi və erməni əsgərlərinin mühasirəyə alınması ilə bağlı yayılan xəbərlər tamamilə yalandır”.
Müdafiə Nazirliyi bəyan edib ki, vəziyyət sabitdir və Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin tam nəzarəti altındadır.
Noyabrın 8-də Azərbaycan və Ermənistan Şuşa yaxınlığında atəşkəsin pozulması ilə bağlı bir-birini ittiham ediblər.
Həmin gün atəşkəsin pozulması nəticəsində bir erməni ölüb, 2 nəfər yaralanıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.