Hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirən inanclı məhbus Zeynal Bayramov Müalicə Müəssisəsindən birbaşa 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və dərhal cəza kamerasına salınıb.
Onun həyat yoldaşı Marina Berestin Meydan TV-yə bildirdiyinə görə, Zeynal Bayramov noyabrın 23-də, “karser”ə salınmasından bir gün əvvəl ailəsinə zəng edərək səhhətinin pisləşdiyini bildirib.
Məhbus güclü allergik reaksiyanın yarandığını, dilinin şişdiyini və vəziyyətinin ağır olduğunu deyib. Həmçinin ondan qan analizi götürüldüyünü, ultrasəs müayinəsindən keçiriləcəyini bildirib.
Marina Berest bildirib ki, bu müddət ərzində həyat yoldaşının Müalicə Müəssisəsində saxlanıldığını düşünürmüş.
Noyabrın 24-də Zeynal Bayramovun bacısı ona sovqat aparmaq üçün Müalicə Müəssisəsinə gedib. Berestin bildirdiyinə görə, Bayramov bacısına yenidən 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılacağını deyib və gətirilən sovqatı qəbul etməyib.
Həyat yoldaşı iki gün ondan xəbər ala bilmədiyini, sonradan isə Bayramovun noyabrın 24-də cəzaçəkmə müəssisəsinə qaytarıldığını və birbaşa “karser”ə salındığını öyrəndiyini deyir.
“Ombudsmana zəng etdim, dedilər ki, guya nəsə edib, buna görə “karser”ə salınıb. Axı həyat yoldaşım “zon”a çıxmayıb, nə vaxt çatdırıb nəsə etsin?” – Marina Berest bildirib.
Ailəsi Zeynal Bayramovun sağlamlıq vəziyyətindən narahatdır. Yaxınlarının məlumatına görə, o, iki dəfə insult keçirib və şəkərli diabetdən əziyyət çəkir.
Nazirlər Kabineti 2026-cı il sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib. Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, bu qaydalardan sonra hicablı şagird və müəllimlərin məktəblərə buraxılmayıb. Bu da ölkə üzrə narazılıq və etirazlara səbəb olub. Bir neçə gün sonra, oktyabrın 12-də Daxili İşlər Nazirliyi məlumat yayıb ki, hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edilib. Nazirliyin məlumatına görə, həmin şəxslər ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanıb.
Eyni vaxtda həbsxanalarda da hicab məhdudiyyətlərinə etiraz olaraq bir neçə məhbus aclıq aksiyasına başlayıb. Sonradan aclıq aksiyası keçirən məhbusların zorakılıq və işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb. Penitensiar Xidmət isə baş verənlərlə bağlı şərh verməyib.
Zeynal Bayramov 2023-cü il yanvarın 31-də saxlanılıb. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi və dini ekstremist materiallarla bağlı ittihamlar irəli sürülüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsi 2025-ci il aprelin 28-də onu 6 il müddətinə azadlıqdan məhrum edib.
Zeynal Bayramov ittihamları qəbul etməyib. O, məhkəmədə saxlanılarkən polis tərəfindən təzyiqə məruz qaldığını, narkotik vasitələrin cibinə qoyulduğunu və evində aparılan axtarış zamanı dini materialların yerləşdirildiyini bildirib.
Penitensiar Xidmət Bayramovun Müalicə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsi, yenidən karserə salınmasının səbəbləri və səhhəti ilə bağlı sorğumuzu cavablandırmayıb. Ombudsman Aparatından isə Marina Berestin müraciəti ilə bağlı şərh almaq mümkün olmayıb.