02 Mart 2018
Xətai rayonu, Zığ şossesi…
Respublika Narkoloji Mərkəzi… Taxta konstruksiyalı korpus
Saat 06:10
İçəridə 55 nəfər
Yanğın
Saat 09:13
25 ölü, 3 yaralı
KÜL…
Press-relizlər havada uçuşur:
…Ölənlərin hamısı müalicə alan insanlar olub. Personaldan bir nəfər də yoxdur.
Səbəb yenə, yenə və yenə qısa qapanmadır.
Növbətçi həkim yanğın zamanı yerində olmayıb. Harda olması ilə bağlı məlumat yoxdur…
Ölənlərin şəxsiyyəti və yaşı ilə bağlı məlumat YOXDUR!
KÜL…
Şayiələrin biri bir qəpikdəndir saytlarda…
…Yanğın zamanı mühafizə polisi yerində olmayıb.
DİN deyir, dispanserdə, ümumiyyətlə, mühafizə polisi xidmət aparmır.
KÜL…
Heç demə, yanan korpus 1978-ci ildə – 40 il əvvəl istifadəyə verilib…
Heç demə, Sabunçuda 4 korpus, 300 çarpayılıq yeni mərkəz bu yaxınlarda istifadəyə veriləcəkmiş…
KÜL…
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Liya xanım telefona cavab vermir. Səfayə bacı məşğula atır…
DİN- Anar bəy deyir: “Orxana zəng vur”, Orxan müəllim deyir: “Saytda yerləşdirdiyimiz məlumatlarla kifayətlənin”.
FHN – Oqtay qardaş üç ay bundan əvvəl işdən çıxıb. Əvəzinə təyinat olmayıb. Qalmışıq qurumun yaydığı bir cümləlik press-relizlərin ümidinə.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətini çoxdan unutmuşuq gedib. İldə bir dəfə yazda Novruz dəvələri doğanda çıxır meydana. Onda da bilmirik adı Nuranədir, Nuridədir nədir…
KÜL…
Neçə dəfə KÜL yazdım yuxarıda. Böyük hərflərlə…. 5 dəfə?
Azdır… Çox azdır. Kiçikdir, balacadır. Başımıza olan qaramaların, küllərin yanında heç nədir.
Məlumat ala bilmirik biz… İşləyə bilmirik… Müsahibə bir yana, telefonla bir sadə açıqlama üzünə həsrət qalmışıq.
İşləyə bilmirsiniz qardaşlar! Bacarmırsınız, bacılar! Sizlik deyil o kreslolar, ay xanımlar! Sizlik deyil müəllimlər, müəllimələr… İşləyə bilmirsiniz..!
Əsrdə bir dəfə ölkədə hadisə olur. Onda da susursunuz, tapılmırsınız, bir kəlmə “dişədəyən” açıqlama vermirsiniz.
Məlumat ötürmürsünüz…
Yanır eee
İçəridə adamlar diri-diri yanır…
Siz susursunuz, işləyə bilmirsiniz…
Şayiələr ümidinə qalıb insanlar. Ümidi siz olan yazıq insanlar. Ümidsiz insanlar…
25 nəfər, 25 can, 25 övlad, 25 ailə başçısı, 25 taleh, 25 ömür…
25 sən… 25 mən…
Siz narkoman deyin, alkoqolik deyin… Daha fərqi yoxdur… Küldü hamısı…Tanımaq olmur heç birini…
4 uşaq atasıdır biri, başqası cəmi 22 yaşındadır bəlkə, ən yaşlısını atıb yaxınları neçə aydır, yanına gələn yoxmuş…
Birinin qızı doğulubmuş yenicə… Bir yaşlı oğlunun xatirinə sağalmaq istəyirmiş o birisi…
Boğuluram… Kül tökülür başımdan… Siz tərəfə yağmır???