”Küçəmizin adı yoxdur”

”Yağış yağan kimi o qədər pis vəziyyət yaranır ki, sürüşüb yıxılmamaq üçün hasarları qucaqlaya-qucaqlaya gedirik”

Source:


”Yağış yağan kimi o qədər pis vəziyyət yaranır ki, sürüşüb yıxılmamaq üçün hasarları qucaqlaya-qucaqlaya gedirik”

Zabratın Yeni Massiv adlanan ərazisinin sakinləri narazıdır. Onlar yaşadıqları ərazidə asfalt örtüyünün olmadığını, məktəbə, işə əziyyətlə gedib-gəldiklərini deyirlər.

“Bizə qulaq asan, şikayətimizə baxan yoxdur. Hara müraciət edirik, göndərirlər bələdiyyənin üstünə. Bələdiyyə isə, ümumiyyətlə, qulaq asmır. Özümüzə uzunboğaz çəkmələr almışıq. Çəkmələri geyinib dayanacağa qədər gedirik. Gərək səninlə bir nəfər də gələ ki, avtobusda ayaqqabını geyinəndən sonra çəkmələri evə qaytara. Bizim işimiz qalıb Allaha”, – deyir sakinlərdən Lalə Sadıxova.


“Zəhmət çəkib insanların yaşamağı üçün şərait yaratsınlar”

Sakinlər bildirirlər ki, indiyə qədər yaşadıqları məhəlləyə asfalt örtüyü çəkilməyib. Özləri pul toplayaraq məhəlləyə bir-iki dəfə daş tökdürüblər. Ancaq bir müddətdən sonra vəziyyət yenə əvvəlki kimi olub:

“İndi yenə keçmək mümkün deyil. Yağış yağan kimi o qədər pis vəziyyət yaranır ki, sürüşüb yıxılmamaq üçün hasarları qucaqlaya-qucaqlaya gedirik. Uşaqları məktəbə belimizdə aparırıq. Kənd sovetinə, bələdiyyəyə müraciət etmişik. Fikir verən yoxdur. Evləri satıb pulunu ciblərinə qoyanda yaxşı idi. Camaata şərait yaratmaq pisdir? Zəhmət çəkib insanların yaşamağı üçün şərait yaratsınlar”.


“Təcili tibbi yardıma hara gəlməsini izah edə bilmirik”

Sakinlərin ikinci bir problemi isə küçəyə ad verilməməsidir. Deyirlər, xəstəxanaya qeydiyyata düşməkdə, uşaqlara məktəbdən sənəd almaqda, adicə təcili tibbi yardım çağırmaqda əziyyət çəkirlər:

“Allah eləməsin məhəllədə kiminsə halı pisləşə. Biz təcili tibbi yardıma hara gəlməsi lazım olduğunu izah edə bilmirik. 21-ci əsrdə bu olacaq iş deyil. Kredit almaq istəyəndə adres verə bilmirik, qeydiyyatla bağlı sənəd lazım olanda qalırıq pis vəziyyətə. Bu evləri bizə satmısınız, sənədimiz var. Zəhmət olmasa, küçəyə ad verin, asfalt çəkin”.


“Sakinlər özləri pis günə qoydular asfaltı”

Zabrat Bələdiyyəsinin Sosial Komissiyasının sədri Nizami Əhmədov bildirdi ki, həmin yola çox yaxşı asfalt örtüyü çəkilmişdi. Bu gün yolun pis vəziyyətə düşməsinə səbəb orda yaşayan sakinlərdir:

“Camaat yolu qazıb, gah su çəkdilər, gah kanalizasiya xətti. Hərə yolu bir dəfə qazanda nəticəsi nə olacaq? Pis günə qoydular asfaltı. Həmin yerə heç yerdə olmayan, 12 sm qalınlığında asfalt çəkilmişdi. Normalda hər yerdə asfalt örtüyünün qalınlığı 5 sm olur. Yeni məhəlləydi deyə, yaxşı olsun istədik. Ancaq əhali bunun qiymətini bilmədi. Asfalt qazılmaqdan bugünkü vəziyyətinə düşüb”.


“İmkan daxilində həll etməyə çalışacağıq”

Nizami Əhmədov onu da bildirdi ki, asfalt örtüyü sakinlərin dediyi kimi çox da pis vəziyyətdə deyil: “Həmin məhəlləyə marşurt işləyir. Ancaq orada yaşayan insanlar narazıdır. Bizə də müraciət etmişdilər. Hətta bir dəfə qəbulda da olublar. Problemlərini danışıblar, dinləmişik. Bir ay bundan öncə həmin məhəllənin yaxınlığındakı başqa bir küçəyə 500 metr uzunluğunda yeni yol çəkdik. İndi yeni yaşayış məhəlləsi haqqında da düşünürük. İmkan daxilində həll etməyə çalışacağıq”.


3 milyard manat Zabrat sakinlərinin problemini həll etməyib

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində 3 milyard manat vəsait xərclənib. Proqram çərçivəsində Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilməli, əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılmalı idi. Proqramda qeyd edilib ki, Zabrat qəsəbəsində məhəllədaxili qaz kəmərlərinin yenidən qurulması, yeni yaşayış massivinin qazlaşdırılması, yolların və kanalizasiya xəttlərinin əsaslı təmiri nəzərdə tutulub.


“Biz çalışmalıyıq ki, Bakı qəsəbələrində daxili yolların hamısı asfalt yollar olsun”

“Bir dənə də torpaq yol qalmasın”, – prezident bu sözləri hələ 2013-cü ildə, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı keçirilən yığıncaqda deyib. İlham Əliyev hesab edir ki, Bakının, xüsusilə onun qəsəbələrinin ən ciddi problemlərindən biri yol təsərrüfatıdır:

“Qəsəbələrarası yollar yenidən qurulur. Biz artıq bunu görürük. Bu iş gələcəkdə davam etdiriləcəkdir. Qəsəbədaxili yollar bir qədər diqqətdən kənarda qalır. Ancaq qəsəbələrə tez-tez səfər edərkən vəziyyətlə maraqlanıram. Hələ ki, görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakı qəsəbələrində daxili yolların hamısı asfalt yollar olsun. Orada bir dənə də torpaq yol qalmamalıdır. Ona görə, növbəti Proqramda bu məsələlər öz həllini tapmalıdır”.

2011-2013-cü illəri əhatə edən dövlət proqramı Zabrat sakinlərinin problemini həll etmədi. Sakinlər problemlərinin olduğu kimi qaldığını, bələdiyyə nümayəndəsi isə sakinlərin özlərinin özlərinə problem yaratdığını deyir.

Nəticədə, zabratlılar bu dəfə də ümidlərini prezidentin 2014-2016-cı illəri əhatə edən növbəti dövlət proqramına bağlayıblar.

Ana səhifəXəbərlər”Küçəmizin adı yoxdur”