“Kreml qərara gəlsə ki, müharibə başlasın, başlayacaq”

Zərdüşt Əlizadə: “Azərbaycanda cəmiyyət olmadığı üçün ona müraciət etməyin də mənası yoxdur”

Source:


Zərdüşt Əlizadə: “Azərbaycanda cəmiyyət olmadığı üçün ona müraciət etməyin də mənası yoxdur”

1994-cü ilin may atəşkəsindən sonra ilk dəfə idi ki, Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejimi bu qədər itki ilə pozuldu. Söhbət ötən həftənin sonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycanın itkilərə məruz qalmasından gedir. Hadisələrin politoloji tərəfi ilə bağlı yaranan suallara politoloq  Zərdüşt Əlizadə cavab verdi.



Z


ərdüşt bəy, son 3-4 gündə atəşkəsin pozulmasını politoloji baxımdan necə izah edərdiniz?

– Düşünürəm ki, Rusiyadan fərqli olaraq, müharibə nə Ermənistan, nə Azərbaycan hakimiyyətlərinə lazım deyil. Rusyaya ona görə lazımdır ki, diqqəti Donbas və Malayziya təyyarəsindən yayındırsın. Yəni bir informasiya bəhanəsi olsun. Bu bəhanəni Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə, minlərlə insanın həlak olması, o cümlədən, Qərbin münaqişə tərəflərinə cavabsız müraciətləri yarada bilər. Belə olan halda Rusiyaya müraciət oluna bilər ki, öz sülhpərvərlik potensialından istifadə etsin. Bəli, Kreml tərəflərə təminat verə bilər ki, birtərəfli mövqe tutmayacaq, bu zaman tərəflər vuruşacaq, hər bir tərəf öz xalqına qələbə vəd edəcək. Nəhayət, rus sülhməramlıları Qarabağa gələcək, Qarabağ və Laçın, Kəlbəcər Ermənistanda qalacaq, 5 rayon isə Azərbaycana qaytarılacaq. Hər iki prezident də qələbə haqqında xalqına raport verəcək. Beləliklə, rüs sülhməramlılarının himayəsi altında danışıqlar davam edə bilər. Belə bir ssenari mümkündür. Amma hələlik bu, baş vermədi, çünki Soçidə prezidentlərin görüşü planlaşdırılır, görək ondan sonra nə olacaq.



Qərb bu planla razılaşacaqmı?

– Qərbin Cənubi Qafqaz bölgəsinə təsir imkanları Rusiyadan fərqli olaraq azdır.



Deməli, Rusiya Ukrayna hadisələrinə görə Dağlıq Qarabağda münaqişəni alovlandırmaqla Qərbə cavab verir?

– Bəli.



Kreml bu gedişlə nə qazanır?

– Onu qazanır ki, bütün dünyada Rusiyanın postsovet məkanında ağa olduğunu anlayırlar. Həm də Moskvanın sülh yaratma potensialı böyükdür.



Son 3 gündə Azərbaycan hərbi və informasiya potensialını göstərə bildimi?

– Xeyr. Ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, dediyiniz sahədə də hakimiyyətin bacarıqsızlığı özünü parlaq göstərdi.



Məlum 3 gün tarixdə qalacaq, yoxsa davamı da gözlənilir?

– Bu, Rusiyanın qərarından asılıdır. Kreml qərara gəlsə ki, müharibə başlasın, başlayacaq. Çünki Ermənistan Rusiya qarşısında zəifdir, Moskva İrəvana nə əmr etsə, onu edəcəklər. Ermənistan da Azərbaycanı vurmağa başlasa, Azərbaycan cavab verməli olacaq.  Bununla da böyük müharibə başlayacaq. Böyük müharibə də Rusiyanın planı ilə gedəcək, birinci müharibə kimi. Rusiya birinci Qarabağ müharibəsində Azərbaycanın məğlubiyyətini planlaşdırmışdı və bunu ermənilərlə azərbaycanlıların əliylə həyata keçirdi.



Son 10 ildə Azərbaycan hakimiyyəti “regionun lider dövləti” təbliğatını aparıb. Bu təbliğat son 3-4 gündə özünü göstərdimi?

– Bəlağət xətrinə, gözə kül üfirmək xatirinə bunları demək olar.  Amma lider dövlət müstəqil siyasət aparıb özü qərar verməlidir.  Bəli, puluna, əhalinin sayına, iqtisadiyyatın həcminə görə Azərbaycan lider dövlətdir. Amma dövlətin potensialına, dünyadakı hörmətinə görə lider deyilik. Bölgədə lider dövlət Gürcüstandır.



Son 3 gündə prezident görünmədi, sizcə, belə vəziyyətdə dövlət başçısı xalqa müraciət etməlidirmi?

– Xalq var ki, müraciət də etsin?! Rəiyyətə nə üçün müraciət etməlidir? Azərbaycanda cəmiyyət olmadığı üçün ona müraciət etməyin də mənası yoxdur.

Ana səhifəXəbərlər“Kreml qərara gəlsə ki, müharibə başlasın, başlayacaq”