Kreml Əliyevlə Paşinyanı yenidən görüşdürə bilər

Moskva, Baturina Yuliya/shutterstock

Əgər bu görüşdə müəyyən anlaşma olsa, ictimaiyyətə məlumat veriləcək”

“Rusiya Azərbaycan və Ermənistan liderlərinin öz ərazisində görüşünün keçirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır”.

Bunu dekabrın 7-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli jurnalistlərə deyib.

“Rusiya, şübhəsiz ki, belə bir görüşün öz ərazisində keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq”, – deyə Peskov bildirib.

Kremlin sözçüsü ilin sonunda Əliyevlə Paşinyan arasında Rusiyada yeni görüşün keçirilə biləcəyini də istisna etməyib.

O həmçinin əlavə edib ki, əgər bu görüşdə müəyyən anlaşma olsa, o zaman ictimaiyyətə məlumat veriləcək.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

Ermənistan parlamentinin spikeri Alen Simonyan da 2022-ci ilin sonuna qədər iki dövlət başçısının görüşünün mümkünlüyündən danışıb.

Bu barədə spiker dekabrın 7-də parlamentdə jurnalistlərlə söhbətində bildirib.

“Görüşün harada keçiriləcəyi barədə məlumat yoxdur, lakin biz təkcə Brüsseldə görüş variantı ilə məhdudlaşmırıq. İstənilən müzakirəyə hazırıq. Bilirsiniz ki, dünən Baş nazirin müavinlərinin görüşü olub və növbəti görüşlə bağlı razılıq əldə olunub”.

Azərbaycanın rəsmi şəxsləri bu barədə hər hansı açıqlama yaymayıblar.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyev və Nikol Paşinyan arasında sonuncu görüş oktyabrın 31-də Soçidə keçirilib.

Görüşdən sonra açıqlama verən Putin deyib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə üçtərəfli görüş 2 saatdan artıq sürüb.

Rusiya Prezidenti görüşün faydalı keçdiyini, gələcək mümkün razılaşmalar üçün yaxşı mühit yaradıldığını bildirib:

“Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açığını demək lazımdır ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi” .

Ana səhifəSiyasətKreml Əliyevlə Paşinyanı yenidən görüşdürə bilər