Kredit kartları – borc bataqlığına aparan yol

“Əsas problem əhalinin xeyli hissəsinin maliyyə və hüquqi savadının aşağı olmasıdır”

Source:


“Əsas problem əhalinin xeyli hissəsinin maliyyə və hüquqi savadının aşağı olmasıdır”

Ayşən Məhərrəmova 2 ildir ki, kredit kart istifadəçisidir. Üç fərqli bankdan, üç kredit kartı var. Hər 3 kredit kartının birgə balansı 6000 manata yaxındır. Ona görə, Ayşənin bu gün banklara olan borcu 6 mini ötüb:

“Kredit kartı almaq üçün müraciət etməmişdim. O vaxt Azərbaycanda fəaliyyət göstərən xarici bankdan iş yerimizə gələrək təklif etmişdilər. Eynilə xarici ölkələrdə olduğu kimi “alış-veriş et, ay sonu ödə” deyirdilər. İlk baxışdan yaxşıdır deyib kredit kartı aldım. Ancaq bu gün başıma bəla olub”.

Bu gün bəlkə də kredit kartı olmayan qalmayıb. Hərənin cibində biri var. Əvvəllər bir neçə bank kart vasitəsilə kredit verirdi, indi demək olar ki, hamısı. Şərtlər sadələşdirildiyindən, hər kəs ala bilir və nəticədə, çoxunun bu kartlarla problemi yaranır. Çoxu bu kartın nə işə yaradığını unudur və adi bank kartı kimi istifadə etməyə başlayır. Balansdakı pulu xərcləyir. Ancaq bununla banka borcu yarandığını unudur.


“Bir ildir ki, ancaq minimum məbləğləri ödəyə bilirəm”

Ayşən ötən il bir neçə yerli bankın təklif etdiyi kredit kartlarını da alandan sonra borcu artmağa başlayıb: “Maaşım az olmadığından, balanslar da kifayət qədər idi. Sonradan iş yerimdən ixtisara düşdüm. Bu gün daha aşağı əmək haqqı ilə çalışıram. Ona görə də öncədən yaranmış borclarımı ödəyə bilmirəm. Adətən ay sonu bank mesaj göndərərək həm ümumi borc məbləği, həm ödənməli olduğum miqdar, həm də cəriməyə düşməmək üçün ödənməli minimum məbləği yazır. Artıq bir ildir ki, ancaq minimum məbləğləri ödəyə bilirəm. Hər üç bankın minimum məbləği birgə əmək haqqımın yarısıdır. Bəzən ay sonuna pulum çatmır. Məcbur olub kartdan nağd pul çıxarıram. Beləliklə, borcum bitmir, arta-arta gedir”.


“Kredit kartı alanların bir qismi onun mahiyyətini tam dərk etmir”

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, təəssüf ki, kredit kartı alanların bir qismi onun mahiyyətini tam dərk etmir. Başa düşmür ki, kartdan istifadə etdikcə, banka borcu artır və həmin borcun üstünə faiz gəlir:

“Bunun səbəbi, ilk növbədə, əhalinin xeyli hissəsinin maliyyə və hüquqi savadının aşağı olmasıdır. Digər səbəb isə bankların müştəriyə tam məlumat verməməsidir. Bu isə qanun pozuntusudur. Çünki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə istehlakçını satılan mal və ya xidmət haqda məlumatlandırmaq sahibkarın əsas vəzifələrindən biridir”.


“Biri var banka gedib kredit alasan, biri də var kredit daimi cibində ola”

Ayşən Məhərrəmova kredit kartının nə anlama gəldiyini yaxşı bilir, sadəcə kredit almaq əlini çantasına uzatmaq qədər asan olduğundan haqq-hesabını itirib: “Bilirəm ki ay sonu ödəməliyəm. Ancaq yenə də alıram. Bəzən lazım olmayan şeyi də alıram. Boşuna deməyiblər, qadınlar stressdə olanda alış-veriş edir. Bu, həqiqətən də belədir”.


“Dünyanın hər yerində istehlakçı adətən müqaviləni oxumur və ya tam oxumur”

Ancaq Ayşən kimi bilərəkdən yox, məlumatsızlıqdan haqq-hesabını itirənlər də olur. Buna səbəb nədir? Kredit kartı alanlar bu barədə yetərincə məlumatlandırılmırmı? Yaxud tərtib olunan kredit müqaviləsində bunlar qeyd edilmirmi?

Əkrəm Həsənov deyir ki, əlbəttə, kredit müqaviləsində bu məqamlar əsasən qeyd olunur. Lakin bu kifayət etmir:

“Nəinki bizdə, bütün dünyada istehlakçı adətən müqaviləni oxumur. Ya da tam oxumur. Oxusa da, tam başa düşmür. Bizdə bəzən kredit müqaviləsi elə xırda şriftlə yazılır ki, onu lupasız oxumaq mümkün olmur. Buna görə də Avropa ölkələrinin çoxunda kredit müqaviləsinin minimal şrift ölçüsü qanunla müəyyən olunur. Həmçinin müqavilənin xüsusi əhəmiyyətli müddəalarının fərqli görkəmdə təsbit olunması tələb olunur ki, müştəri onlara mütləq diqqət yetirsin. Bizdə isə təəssüf ki, qanunvericilik belə məsələləri tənzimləmir”.


Kredit kartlarının yaxşı və çatışmayan cəhətləri nələrdir?

Ekspert bildirir ki, bütövlükdə kart yaxşı alətdir. Cibdə pul gəzdirmək həm təhlükəli, dəm də narahatlıq yaradır. Bu halda köməyə çatır: “Lakin bu, vətəndaşın öz pulu olan karta (debet kart) aiddir. Kredit kartındakı bankın puludur. Vətəndaşa borc verib. Cibində kredit kartı olanlar ani qərarlar qəbul edə bilir. Məsələn, ehtiyacı olmadığı təqdirdə reklamın təsiri altında qərar verir, nəsə alır və ödənişi kredit kartı vasitəsilə edir. Nəticədə, banka borcu yaranır. Sonra başa düşür ki, tələsib, bəlkə də heç alınan əşya ona lazım deyildi. Bu baxımdan kredit kartı çox təhlükəlidir. Kredit bataqlığına düşdün, çıxmaq çətindir. Gecikmə olanda bank gecikən məbləğə faizlə bərabər cərimə də hesablayır. Bir sözlə, borc arta-arta gedir”.

Ayşən də ekspertin dedikləri ilə razıdır. Deyir, kredit kartı çıxandan lazım oldu-olmadı alış-verişləri artıb: “Biri var banka bir topa sənət aparıb, saatlarla, bəzən günlərlə vaxt itirib kredit alasan. Biri də var həmin kredit sənin cibində ola. Onda hara gəldi xərcləyirsən. Borc da bu zaman yaranır”.


Kredit kartı alanlar nələrə diqqət etməlidir?

Əkrəm Həsənov deyir ki, əvvəla, kredit kartı almamışdan qabaq yüz ölçüb, bir biçmək lazımdır. Alandan sonra isə daimi üstlərində gəzdirməsinlər. Onda ani qərar vermək ehtimalı da azalır:

“Daha sonra kredit müqaviləsini diqqətlə oxusunlar. Məbləğ, faiz dərəcəsi, cərimlər, müddət, məsuliyyət məsələlərinə diqqət yetirsinlər. Kredit üzrə gecikməyə yol verərsə, ödəniş etməyə gəldikdə əmin olsun ki, ödədiyi pulu bank əsas məbləğin və faizin ödənməsinə yönəldəcək”.


“Vətəndaşlar haqqlarını tələb etməyi bacarmalıdır”

“Yoxsa əksər hallarda banklar ödənilən məbləğdən, ilk növbədə, cərimə tutur”, –  deyir Əkrəm Həsənov. “Bu qanunsuzdur. Lakin geniş yayılıb. Bankdan bununla bağlı yazılı iltizam tələb edin. Əks halda, ömrünün sonunadək kredit ödəyəcəksiz. Çünki əsas cərimə tutulduqca, əsas məbləğ azalmayacaq, deməli, üstünə faiz gəlməkdə davam edəcək”.

Ekspert bir məsələyə də xüsusi diqqət çəkir. Deyir, banklar kredit üzrə faizi aylıq əsasda tutur. Lakin Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, faizlər yalnız ildə bir dəfə tutulmalıdır: “Deməli, borclunun banka aylıq ödədiyi məbləğ onun borcunun əsas məbləğini azaltmalıdır. Lakin banklar bu tələbi də pozur. Belə olan halda vətəndaş haqqını tələb etməlidir”.

Ana səhifəXəbərlərKredit kartları – borc bataqlığına aparan yol