”Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir”

Natiq Cəfərli: Əli müəllimin məntiqinə görə ABŞ cəmiyyəti inkişaf etmir

Source:


Natiq Cəfərli: Əli müəllimin məntiqinə görə ABŞ cəmiyyəti inkişaf etmir

“Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir”.

Bunu APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Deputatın sözlərinə görə, bu baxımdan prezident tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının təqdim olunması zamanın tələbidir və bir sıra müddəalar əvvəlki Referendum Aktlarının müzakirələri zamanı səslənib: “Müəyyən təməl prinsipləri çıxmaq şərtilə hər bir ölkənin Konstitusiyası özünəməxsusdur və ölkənin tarixi, inkişafı, ənənələri ilə üzvi surətdə bağlıdır. Hər bir dövlət xalqın və cəmiyyətin maraqları baxımından prioritet verdiyi müddəaları Konstitusiyaya daxil edə bilər. Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu, insan hüquqlarının səmərəli qorunması kimi məsələlər yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacağına əminəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin açıqlamasını öz Facebook səhifəsində şərh edən ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, hüquqi savadı pis olmayan Əli müəllimin məntiqinə görə ABŞ cəmiyyəti inkişaf etmir, çox geridəqalmış və gerizəkalı cəmiyyət və dövlətdir. ABŞ konstitusiyası 229 il öncə, 1787-ci ildə qəbul edilib, bu günə qədər mətnə cəmi 27 dəyişiklik edilib ki, bunun da çoxu 18-ci, 19-cu əsrə aiddir: “Son dəyişiklik (Bill of Rights) 1789-cu ildə təklif olunsa da, ancaq 1992-ci ilin may ayında ştatların çoxu tərəfindən ratifikasiya olunub. ABŞ-in gücü, həm də bundadır, Əli müəllim…”

Ana səhifəXəbərlər”Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir”