Konqresmen Smit ATƏT və ABŞ-a çağırış etdi

”İlham Əliyevlə görüşəndə siyasi məhbus məsələsini qaldırın”

Source:
Kristofer Smit
Kristofer Smit
Kristofer Smit
Kristofer Smit


”İlham Əliyevlə görüşəndə siyasi məhbus məsələsini qaldırın”

Nüfuzlu amerikalı konqresmen Kristofer Smit ATƏT rəhbərliyini, həmçinin ABŞ hökumətini prezident İlham Əliyevlə görüşlərdə Azərbaycanda siyasi məhbuslar və mətbuat azadlığının boğulması məsələsini qaldırmağa çağırıb.

“Mən Bakıda iki dəfə prezident Əliyevlə görüşmüşəm və ümid edirəm ki, Vaşinqtonda da onunla görüşəcəm”, – K.Smit ”Turan IA”-ın Vaşinqton müxbirilə söhbətində İ.Əliyevin martın sonlarında nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a gözlənilən səfərini şərh edərkən bildirib.

Helsinki Komissiyasının rəhbəri və “Azərbaycan Demokratiya Aktı”nın sponsoru olan Smit bu sənədin perspektivləri haqda sualın cavabında deyib: “Biz bu qanun layihəsinə çox ciddi yanaşırıq. Biz İlham Əliyevi və onun hökumətini inandırmağa çalışırıq ki, jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil”.

“ABŞ Azərbaycanın və onun hökumətinin yaxın dostu olmaq istəyir. Dostlar bir-birinə imkan verməməlidir ki, insan hüquqları pozulsun. Yüzə yaxın siyasi məhbusun olduğu halda, sadəcə, səhifəni çevirmək olmaz. Və bu rəqəm getdikcə artır”, – konqresmen vurğulayıb.

“Bəzən jurnalistlər elə şeylər yazırlar ki, heç birimizin xoşuna gəlmir. Əgər məlum olursa ki, sizdə problem sistemli şəkildədir, korrupsiya var, siz jurnalistlərdən yox, korrupsiyadan xilas olmalısınız”, – Smit qeyd edib.

“Azərbaycan Demokratiya Aktı” ötən ilin sonlarında Helsinki Komissiyası tərəfindən təqdim edilib və müstəqil səslərin susdurulmasına görə Azərbaycandan olan yüksək vəzifəli rəsmi şəxslərə ABŞ-a viza verilməməsini nəzərdə tutur.

Bakı bu qanun layihəsini “erməniyönlü” hesab edərək Smiti 1915-ci il “erməni soyqırımı”nın tanınmasının tərəfdarı adlandırır.

“Qanun layihəsi açıqlanana qədər ermənilərin heç bundan xəbəri olmayıb. Sənəddə məqsəd Azərbaycanda əsas insan hüquqlarının müdafiəsidir”, – Smit bununla bağlı deyib.

Çərşənbə axşamı Vaşinqtonda Helsinki Komissiyasının iclasında K. Smit Xədicə İsmayılova və digər siyasi məhbuslarla bağlı ATƏT sədri Frank-Valter Ştaynmayerə göndərilən müraciəti yada salıb.

Müraciətdə X.İsmayılova və digər məhbusların azadlığa buraxılmasına çağırılır.

“Əgər Azərbaycana getsəniz şəxsən Xədicə ilə görüş istəyin”, – Smitin müraciətində deyilir.

Frank-Valter Ştaynmayerin cavab məktubunda bildirilib ki, Münhen konfransında prezident İlham Əliyevlə görüş olub və o, Azərbaycana qarşıdakı səfəri barədə prezidentə məlumat verib. “Biz Azərbaycanı KİV azadlığına hörmətlə yanaşmağa çağırırıq və ümid edirik ki, bu məsələni həll edəcəyik”, – cavab məktubunda deyilir.

Ana səhifəXəbərlərKonqresmen Smit ATƏT və ABŞ-a çağırış etdi