Oqtay Gülalıyev xəstəxanaya yerləşdiriləcək
Bir ildən çoxdur ki, komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev həm də koronovirusa yoluxub. Bu barədə Meydan TV-yə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.
T.Gülalıyevin sözlərinə görə, noyabrın 16-da atasının durumunda geriləmə yaranıb. Bədənin hərarəti 39 dərəcəyə yüksəlib, nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Hüquq müdafiəçisinin xəstəxanaya köçürülməsi üçün ondan COVİD-19 testi götürülüb və cavabı noyabrın 17-də açıqlanıb: “Təəssüf ki, testin nəticəsi müsbət çıxdı”.
Ailə əvvəlcə O.Gülalıyevin ev şəraitində müalicəsini istəsə də, sonradan onun xəstəxanaya yerləşdirilməsinə qərar verib.
O.Gülalıyevin vurulduğu avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub. Sürücü dərhal O.Gülalıyevi Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. K.Abdullayevin sözlərinə görə, O.Gülalıyev yolda gedərkən də, xəstəxanada da danışırmış. Hətta ciddi xəsarəti olmadığını bildirərək, xəstəxanaya aparılmasına ehtiyac olmadığını da söyləyib.
Sonradan yaxınlarının istəyilə onu Kliniki Tibbi Mərkəzdən “Baku City Hospital”a köçürüblər, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. Bir ilə yaxın orada müalicə olunduqdan sonra noyabrın 7-dən 8-nə keçən gecə Bakıya gətirilib.
K.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Hazırda Nəsimi rayon Məhkəməsində onun işinə baxılır.
K.Abdullayev hüquq müdafiəçisinin qəsdən vurulması barədə iddiaları rədd edir. O bildirib ki, bu barədə deyilənlər əsassızdır. Oqtay Gülalıyevi hadisədən əvvəl tanımadığını, ona qarşı qərəzi olmadığını deyən sürücünün sözlərinə görə, hadisə onun diqqətsizliyi nəticəsində baş verib. K.Abdullayev baş verənlərə görə çox peşman olduğunu da vurğulayıb.