“Klassik nurçular” hökmsüz həbsdə saxlanılır

Əsabəli Mustafayev: “MTN-in bu işi quramadır”

Source:


Əsabəli Mustafayev: “MTN-in bu işi quramadır”

“Bir aydır hökmsüz məhkum olunmuşlar həbsdə saxlanılır”. Bu barədə məlumatı öz Facebook səhifəsində vəkil Əsabəli Mustafayev yazıb.

Onun sözlərinə görə, oktyabrın 7-də Yasamal rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyevin sədrliyi ilə “klassik nurçular ” adlanan 5 şəxsə hökm oxunub və onlar iclas zalında həbs olunublar. Süni sürətdə bir ilə yaxın uzanan bu prosesin son iclasında hakimin səyi nəticəsində 4 vəkildən heç biri iştirak etməyib. Prosesi izləməyə gələn təqsirləndirilən şəxslərin yaxınları hakimin göstərişi ilə məhkəmə binasına buraxılmayıblar: “Deyilənə görə, zalda mülki geyimli MTN əməkdaşları olublar. Təqsirləndirilən şəxslər və onların vəkillərinə bu günə qədər hökm təqdim olunmayıb. Nə təqsirləndirilən şəxslər, nə də onların vəkilləri cəzanın dəqiq müddətlərini bilmirlər. Deyilənə görə, birinə 2 il, qalanlarına 5 və 5,6 il azadlıqdan məhrumetmə cəzası verilib. Beləliklə, bu şəxslər hökm olmadan həbsdə saxlanılırlar”.

Cinayət prosesində hökm elan olunduqdan 20 gün müddətinə apellyasiya şikayəti vermək olar. Vəkillər müddəti ötürməsinlər deyə, şikayəti hökm olmadan tərtib edib və göndəriblər.

Əsabəli Mustafayev deyir ki, vəkillər 14 oktyabr tarixində ərizə ilə hakimə müraciət edərək iclas protokolları ilə tanış olmaq istəklərini bildiriblər. Lakin bu günə qədər protokollardan xəbər yoxdur: “Görünür o da hazır deyil. Biabirçılığın biri də odur ki, bir il bundan qabaq keçirilmiş məhkəmənin hazırlıq iclasının qərarı da indiyə qədər verilməyib. Bütün bu pozuntular barəsində Məhkəmə-Hüquq Şurasına və bir sıra dövlət orqanlarına məlumat verilsə də, hələ heç bir dəyişiklik yoxdur. Məhkəmənin qanunlara belə hörmətsizliyi ondan qaynaqlanır ki, bu “işi” Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyi quraşdırmışdı. Bu 5 nəfər “ klassik nurçular” hesab olunurlar. Onlar Fətullah Gülən tərəfdarlarından köklü surətdə fərqlənirlər və onlara nifrət edirlər. Çünki hesab edirlər ki, Gulən onların müəllimləri Said Nursiyə xəyanət edərək, onun qoyduğu dəyərli öz siyasi məqsədləri üçün istifadə etmək istəyib. MTN-nin keçmiş rəhbərliyi gülənçiləri himayə edirdi. Lakin “nurçular” ilə mübarizə aparması imitasiyasını yaratmaq üçün heç bir siyasi və içtimai fəaliyyəti olmayan bu şəxslər barəsində “iş” quraşdırdı”.

Vəkil deyir ki, işin qurama olması onun mahiyyətindən məlum olur. Belə ki, keçən ilin aprel ayında eyni gündə 3 nəfər MTN-ə və polisə ərizə yazıblar ki, təqsirləndirilən şəxslərin yaşadığı evin qapısında saxlanılmış avtomaşınlar onların hərəkətinə mane olub. Elə həmin günü MTN bu evdə genişmiqyaslı əməliyyat keçirir və həbslər aparır: “Təqsirləndirilən şəxslərə dini ibadət adı ilə pərdələnərək digər şəxslərin hüquqlarını pozmaq- yəni şikayətçilərə tıxac yaratmaq ittihamı verilir. Gülməlidir, ya ağlamalı? Hər nədirsə, təqsirləndirilən şəxslər 5 ay həbsdə yatırlar. Gözlənilmədən istintaqın təşəbbüsü ilə onların həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunur. Bir ildən artıq idi ki, onlar azadlıqda idilər. Görünür MTN-nin keçmiş rəhbərliyi himayə etdikləri gülən nurçuları, habelə radikal vahhabiləri toxunulmaz saxlamaq, lakin “dini radikalizmə qarşı mübarizə aparıram” illüziyası yaratmaq məqsədilə məhkəməyə bu şəxsləri həbsə atmaq göstərişi verib. Bu sifarişi yerinə yetirən hakim cəzasızlığına, onun qərarının gələcəkdə heç bir instansiyada dəyişməyəcəyinə əmin idi, cünki sifarişçi MTN idi. Buna görə də hökmü əsaslandırmağa ehtiyac da yox idi. Lakin şərait birdən-birə dəyişdi. Hakim bu adamların ittiham olunmasını və həbs edilməsini əsaslandırmalı idi. Lakin işdə təqsirləndirilən şəxslərə qarşı heç bir sübut olmadığından, bunu etmək mümkün deyil. Buna görə də hakim hökmü, ümumiyyətlə, tərtib etməyib.

Bu şəxslərin həbsdə saxlanılması davam edir. Onlar gözləyirlər ki, məhkəmələrdə qanunçuluğun təminatına cavabdeh olan Baş prokurorluq, Məhkəmə-Hüquq Şurası, Ombudsman bu pozuntuların aradan qaldırılması üçün tədbirlər görəcəklər”.

Ana səhifəXəbərlər“Klassik nurçular” hökmsüz həbsdə saxlanılır