Ağlım kəsəndən bizim evdə kitaba münasibət pis olub. Hələ lap güclə, yaddaşımı zora salıb, dumanlı və ucuz boyayla çəkilmiş kimi, yayğın yada sala bildiyim xatirələrimdə, kitabı evimizdə dava səbəbi kimi görürəm.
Sevgi romanları oxuyan gənc atam və hər dəfə əlinə kitab alanda, qanı qaralan, hirslənən, kitabı onun əlindən qoparmağa çalışan, həddən artıq gənc, 24-25 yaşlı anam:
– Səhər gedirsən, axşam gəlirsən. Heç olmasa, axşam qoy dərdimizdən-odumuzdan danışaq. At o zəhrimarı bir qırağa…
Sonra bu “mantra” uzun, kədərli, əsəbi, ən sonra isterik bir monoloqa çevrilirdi və mən hələ uşaq ağlımla anlayırdım ki, anam atamı kitablara qısqanır. Atamın kitab oxuması onu niyəsə hirsləndirir, hətta qəzəbləndirirdi ki, bunun səbəbini anlamaq üçün mənə 25 ildən çox vaxt lazım oldu. Evliliyimizin ilk illərində, həyat yoldaşımla söhbətləşmək, paylaşmaq, birlikdə vaxt keçirmək istədiyim günlərdə… O, bütün gününü kompüter arxasında keçirir, kresloya bitişik yaşayırdı. Mənsə onunla gəzmək, söhbət etmək, birlikdə yemək bişirmək, qonaq getmək, dostlarla görüşmək istəyirdim. Və onu kompüterindən sevgi ilə olsa belə, ayıra bilməməyim hisslərimi təhqir edirdi. Bir gün qayçını əlimə alıb, internet ötürən naqili kəsmək istəyəndə, qəfil yadıma düşdü anamın evdəki kitabları cırmağı.
Daha sonra kitab valideynlərimlə mənim aramda dava, danlaq, göz yaşı, ikrah səbəbinə çevrildi. Bu dəfə hədəfdəki problem mənim kitab oxumağım idi. Mən kitab oxumağa başlayandan onsuz da bu evdə ögey uşaq ömrü yaşayan kitab, daha pis rəftara məruz qaldı. İndi onu cırır, yandırır, zibilliyə atır, gizləyirdilər. Ailədə yeganə kitab oxuyan, təhsil alan qadın qohumum öz təhsilinin ancaq pis üzünü görmüşdü. Şəhərdə oxuduğu üçün dedi-qodular, gec ərə getdiyi üçün danlaqlar, uğursuz evliliyinə görə təəssüflər…
Kitab bizim ailədə özünü təsdiq edə bilməmişdi. Əksinə, ancaq narazılıq, qanıqaraçılıq, az qala bir çox dərdlərin səbəbkarı idi.
Böyüdüyüm kənd atəş xəttindəydi. Bütün kənd camaatı öz gələcək həyatını iki ehtimal üzərində qurmuşdu: qalacağıq, ya da qaçacağıq. Qaçmaq ehtimalı güc gələnlər hərdən atəş xəttindən uzaqdakı rayonlara gedən olanda, onunla xırda-mırda düyünçələr göndərirdilər. Təhlükəsizlikdə olsun, gələcəkdə gərəkləri olsun deyə: qızıl, xalça-kilim, büllur qab-qacaq… və bu düyünçələrdə heç vaxt kitab olmurdu. Biz kitabımızı rahatlıqla “düşmənə” qoyub gəlməyə hazır idik…
Paytaxtda təhsil almağa başlayanda keçid dövrünün ən keçid illəri idi. Əqidədən tutmuş, mebelə qədər köhnə nə vardısa ya bir qırağa yığılır, ya satılır, ya hissələrə ayrılırdı. Baxırdılar, nəyin canında istifadəyə yararlı bir şey var (taxtası, dəmiri, şüşəsi, ipliyi…) çıxarır, qalanını tullayırdılar. Canında keyfiyyətli, istifadəyə yararlı heç nəyi olmayan tək şey kitab idi. Mənim gəncliyimin keçid illərində zibilliklər kitabla dolu olurdu. Bir xalq az qala kütləvi şəkildə kitabı zibil elan etmişdi…
Düz on ilə yaxın işə gedib-gələndə yolumun üstündə tumsatan nənələrin kitab vərəqlərindən dürgək düzəldib, içinə tum doldurmağına tamaşa elədim. On il bir nəsil mənə sübut elədi ki, kitabın faydası onun kağızındadı. İçində nəyin yazılması vacib deyil. Mənim ölkəmdə müəllifin Bertran Rassel, yoxsa Səməd Vurğun olmasından asılı olmayaraq, kitab vərəqləri tualet kağızı, ət bağlaması, tum dürgəyi, ocaq alışdıran burmaydı çox yerdə…
Ailəmiz çox kasıb idi və illər keçdikcə, ailənin rifahı düzəldikcə paltarlarımız, qablarımız, köhnələrimiz üçün dolablar alındı evə. Yer tapılmayan və taxçadan-taxçaya, yeşikdən-yeşiyə köçürülən, heç vaxt özünə yer tapmayan tək əşya kitab oldu…
35 yaşım var. 35 ildir nə özümə, nə kitablarıma yer tapıram.