Kino sahəsi vergidən azad olarsa…

“Vergidə güzəştlər edilsə, bu, xarici investorların ölkəmizə gəlməsinə şərait yaradacaq”

Source:


“Vergidə güzəştlər edilsə, bu, xarici investorların ölkəmizə gəlməsinə şərait yaradacaq”

2010-cu ildə Ukrayna Ali Radası Ukrayna kinematoqrafiyasına 6 illik vergi güzəştləri tətbiq etmək barədə qərar qəbul edib. Qərar tamamilə yerli kino sahəsinin inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Azərbaycanda isə bu sahədə olan vergilərdə heç bir güzəşt nəzərdə tutulmayıb. Elə bunun da kino sənətinin inkişafına ciddi problemlər yaratdığı deyilir.

Kinotənqidçi Aygün Aslanova dünyanın bir çox ölkələrində nəinki kino, həm də digər mədəniyyətlə bağlı sahələrin inkişafı üçün vergilərdə güzəştlər edildiyini deyir: “Sonda bu addım həmin sahənin dirçəlməsinə şarait yaradır. Bizdə isə belə bir təcrübə yoxdur. Bizdə hər hansı bir şəxs bir kinonun çəkilməsinə vəsait qoymaq istəsə, o dəqiqə vergi müfəttişləri gəlirlər. O səbəbdən belə şəxslər kinoya pul ayırmaqda maraqlı deyillər”.

İqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bu sahənin vergidən azad edilməsi üçün bir maneə yoxdur, amma təklif Milli Məclis tərəfindən qəbul

olunmalı və Vergi Məcəlləsinə dəyişikliklər edilməlidir: “İnkişafına ehtiyac olan hər hansı bir sahə dövlət tərəfindən vegidən azad edilə bilər. Bu sahədə vergilər ağırdır. 18 faizlik ƏDV və 20 faizlik mənfəət vergisinin mövcudluğu şirkətləri bu sahəyə investisiya qoymaqdan çəkindirə bilər”.

Bir müddət öncə Mədəniyyət və Turzim Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycantelefilm” kinostusdiyası kino sahəsinə vergi güzəştlərinin tətbiq edilməsi barədə təklif hazırlayıblar. Təklif Milli Məclisdə müzakirə də olunub.

Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sözçüsü Yusif Şeyxov deyir ki, qanunun hazırlanmış yeni versiyasında kino sahəsinin müvəqqəti olaraq bəzi vergilər azad olması istənilir. Müvəqqəti müddət 4-5 ilə hesablanıb. Y.Şeyxov deyir ki, bu müddət ərzində kinematoqrafiya təşkilatları öz avadanlıqlarını təzələmək imkanı əldə edə biləcəklər. “Təklifdə ölkədə gətirilən avadanlıqarın əlavə gömrük rüsumundan azad olunması, kinoya yatırılan vəsaitin və kino ilə bağlı müəssisələrin tikilməsinin bəzi vergilərdən azad olunması qeyd olunub. Biz inanırıq ki, kino sənayesinin dirçəlməsi üçün bu təklifin qəbul edilməsi lazımdır”,- deyən Y.Şeyxov təklifin hazırlanmasında keçmiş postsovet ölkələrinin təcrübəsindən istifadə edildiyini də vurğulayır.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov təklifin Milli Məclisdə

müzakirəyə çıxarıldığını və müsbət qarşılandığını deyir. Onun sözlərinə görə, təkcə yerli yox, həm də xarici film istehsalçılarına da vergi güzəştləri tətbiq etmək lazımdır: “Azərbaycan dövləti kinonun inkişafına dair proqram imzalayıb və hər il bu sahəyə vəsait ayrılır. Amma vergidə güzəştlər bu sahənin daha da inkişaf etməsinə gətirib çıxaracaq. Azərbaycanda otellərin, kommunukasiya və yol xətlərinin inkişafı burada film çəkilişlərinin ucuz başa gəlməsinə şərait yaradır. Vergidə güzəştlər edilsə, bu, xarici investorların ölkəmizə gəlməsinə şərait yaradacaq”.

İqtisadçı Natiq Cəfərli belə təcrübənin bir çox ölkələrdə müşahidə edildiyini bildirir. O, heç də yaxşı sayılmayan kinomuzun inkişafı üçün güzəştlər edilməsinin tərəfdarıdır: “Macarıstsanda böyük bir ərazini kinostudiya ediblər. Orada vergi güzəştləri olduğu üçün dünyanın bir çox ölkələrindən kino şirkətləri filmlərini burada çəkirlər. Bu şirkətlərdən qazandığı pulla indi o kinostudiya bir neçə yerli filmlər də istehsal edib. Yəni, bizdə də belə bir addım atılsa, Azərbaycan büdcəsi heç nə itirmir. Çünki bu sahədən gələn verdi nəzərə çarpmayacaq qədər azdır”.

Kinoprodüsser, “Cinema” Gənc kinematoqrafçılar Mərkəzinin və “ÖZ film” şirkətinin direktoru Fehruz Şamıyev deyir ki, kino sahəsi vergidən

azad olunsa, çox ciddi işlər ortaya çıxa bilər: “Ən azından kommersiya şirkətləri öz vəsaitlərini kinoya qoymağa başlayacaqlar. Vergi olmadığı üçün müəyyən vəsaitləri bu sahədə xərcləyə biləcəklər. Kino sahəsindəki vergi digər sahələrdəki vergilərlə eynidir, bu səbəbdən şirkətlər bura maraqlı deyillər”.

Kinoprodüsser deyir ki, kinoindustriyanın inkişaf etməsinə ən böyük kömək bu sahənin vergidən azad edilməsidir. Ukraynada və Avropanın əksər ölkələrində belə bir təcrübə olub: “Fransanın özündə belə bu addım atılıb. Kino biznes növü kimi dünyada təsdiqini tapıb. Azərbaycanda müxtəlif sahələrdə güzəştlər varsa, niyə bu sahədə olmasın? Əgər bu sahənin inkişafı dövlət üçün maraqlıdırsa, bu addımı atılmalıdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov kinoya pul qoyan şəxslərin mütləq vergidən azad olunmasının tərəfdarıdır. O, Rusiya nümunəsini misal göstərir: “2000-ci illərin əvvəllərindən başlayaraq Rusiyada iki il vergidə güzəştlər edildi. Nəticədə bu sahə birdən-birə inkişaf etdi. Güzəştlər olsa, inkişaf şübhəsizdir. Bunu bizim qurum dəfələrlə təklif edib. Amma hələ səsimizi eşidən yoxdur. Yəqin kino hələ də prioritet sahə deyil. İndi prodüsserlərin çəkdiyi filmlərin sayı dövlət hesabına çəkilənlərdən çoxdur. Demək olar ki, hər ay kinoteatrlarda yerli filmlərin baxışı olur. Ona görə iş adamlarını mütləq stimullaşdırmaq lazımdır”.

Rejissor deyir ki, müharibə şəraitindəki ölkədə kino sahəsi tankdan, silahdan az əhəmiyyətli deyil: “İdeoloji müharibə şəraitində olan ölkə üçün kino çox önəmlidir. Heç olmasa bir illik azad etsinlər və effektinə baxsınlar”.

Ə.Cabbarov bu sahəyə maraqlı yanaşma ilə çıxış edir: “İndi iqtisadi çətinliklərimiz var, bu cəhətdən insanlar depressiyaya düşmək təhlükəsindədir. Bunda isə kinonun əhəmiyyəti böyükdür. Amerikada böyük depressiya vaxtında myuzikllar və digər filmlər çəkərək, xalqı nikbinliyə köklədilər. İndi Azərbaycan xalqının həm maariflənməyə, həm də nikbin, sağlam, mübariz vətəndaş yetişdirməyə ehtiyacı var. Buna görə kino çox vacibdir”.

Ana səhifəXəbərlərKino sahəsi vergidən azad olarsa…