Kimdir günahkar?!

Cibgir yəhudidirsə, antisemit ona cibgirlik etdiyinə görə deyil, yəhudi olduğu üçün nifrət edəcək…

Source:

Önsöz

  • İlahiyyatçı deyiləm, sosial elmlər üzrə mütəxəssis də deyiləm. İxtisasca maliyyəçiyəm.
  • Sekulyar düçüncəli bir insan olduğum üçün adətən din haqqında yazmağa fransızlar demişkən “özümə icazə vermirəm”. Mənə görə sekulyar kimsə dinin əleyhinə danışan deyil, dini söhbətdən uzaq olan kimsədir. Dini tənqid edən kimsə sekulyar olmur, çünki eyni meydanda oynayır.
  • Bu, dinlə bağlı son yazım olsun istəyirəm. Buna görə buradakı fikirləri qəbul etməyənlər  sadəcə görməzlikdən gəlsinlər (lütfən). Bəyənənlər də “like” ilə yetinsinlər, daha çoxu mənə zərərli olar (öncədən təşəkkürlər).
  • Yazı nə elmidir, nə də analitik, şəxsi refleksiyalarımdır. Bir müzakirənin nəticəsində təhrik olub bəyan etdiyim düşüncələrimdir.

    • Yazının məqsədi əsla, hansısa dini müdafiə etmək deyildir.



Jean Paul Sartre, “Yəhudi problemi haqqında düşüncələr” essesi : “Cibgir yəhudidirsə, antisemit ona cibgirlik etdiyinə görə deyil, yəhudi olduğu üçün nifrət edəcək.

Deməli.

Son illər İslam haqqında yazılar sayının çoxluğu ilə artıq təngə gətiribdir. Artıq mövzu çox köhnəldi, çeynəndi, gözləri yordu : Mollalar, Əfqanıstan, cihad, terror və s. və s. Belə yazı yazanların arasında ciddi intellektuallar, özünü sekulyar adlandıranlar və yerdənbitmə gəncləri çox gördük, ancaq hələ də görürük. Hər halda diqqəti çəkmək üçün babat vasitədir.

Bir müddət öncə facebook-da belə bir status yazmışdım : “Koroğlunun şöhrətindən həvəsə gəlmiş yerdənbitmə gənclər atalarının gözünü çıxarırmışlar ki, bəlkə bizə də Koroğlu deyələr. Ancaq, xalq haqlı olaraq onlara kor kişinin biqeyrət oğlu deyirdi”.  Azərbaycan ədəbiyyatının dahilərinin buraxdığı ən yüksək irslərdən biri də, təbii ki, dini cəhaləti bəzən həzin şəkildə, bəzən gülüşlə ifşa etmələri idi.  Fəqət indi, hər yerdən bitən islam haqqında, müsəlmanlar haqqında yazıb tarixə “dahi” kimi düşmək istəyirlər… Görünür.

İntellektuallar normalda bilirlər ki, din intellektual deyil, spiritual məsələdir. Dinə inanmamaq üçün çox bilikli olmaq gərək olmadığı kimi, çox bilikli bir insan da hansısa dinə mənsub ola bilər. Deməli korrelasiya yoxdur.

Ən çox bu tip cümlələr gözləri yara edir : “İslamı da tənqid etmək olar, liberal düşüncədə hər şey tənqidə açıq olmalıdır.”

Xeyr, olmaz.  Dini təhqir edən olsa, məndə reaksiya doğurmaz. Hörmətim də olmaz, təbii. Vecimə olmaz sadəcə. Varsa sahibi özü qoruyar.. Əgər təhqir emosionaldırsa bunu başa düşmək də olar. Ancaq, tənqid olmaz. Tənqidin məqsədi təmirdir. Təmir dəyişməkdir, təkmil etməkdir. Halbuki, din özü özündə “mükəmməl” sayılır deyə onu təkmil etmək qəbulolunmazdır. Üstəlik, din onu təmir etmək cəhdini qadağan edir.  Quran-i  Kərimdə dəyişiklik etmək öz iddiasına görə ümumiyyətlə “mümkünsüz”dür. Yəni, “Allah qoruyur”. Üstəlik, əgər bir müəllif əsərini tənqidə açıq tutmursa, onu tənqid etmək etik də deyil. Əgər bu, bir intellektual mülkiyyətdirsə və içinə daxil olmaq yalnız onu qəbul edənlərə icazəlidirsə (bir daşınmaz mülkiyyət kimi), onu qəbul etmədən içinə girmək müəllif hüququnu tapdamaqdır.

Bunlarla yanaşı, bir kitabın bu şəkildə tənqid edilməsi və ya sosial debatlara mövzu olması üçün onun ya elmi, ya fəlsəfi ya da ideoloji olması lazım idi.

Quran elmi kitab deyil.  Çünki, müşahidə yoxdur, elmi referans, mənbə, keçmiş məlumatlar, tədqiqatlardan istifadə olunmur.  Heç kimdən sitat gətirilmir. Bir tək mənbə var, o da müəllifdir. Səbəb-nəticə ardıcıllığı yoxdur. Hər şeyin bir tək səbəbi vardır. Yerdə qalanlar isə nəticə deyil, yaradılışdır. Törəməyib, məhz var ediliblər. “Ol!” deyilib olub.  Səbəb də, nəticə də mülahizə və müşahidənin kənarındadır. Hər ikisi də öncədən bəllidir. Öncədən qəbul edilməlidir:  Qeyb və axirət.  Müsəlman olmadan öncə iman gətirmək şərtdir, bu iki varlığa və ya yoxluğa.

Bu halda o fəlsəfi bir əsərdirmi? Fəlsəfədə niyə sualı və çoxlu digər suallar vardır.  Şübhə vardır.  Niyə sualına veriləcək çox saylı cavablar vardır.  Dində niyə sualı küfrdür. Çünki, “Allahın hikmətindən sual olmaz”. Qeyd şərtsiz itaət etməlisən. Bütün sualların da bir tək cavabı vardır. “Allah biləndir, siz bilməzsiniz”.

Bəs, bu kitab ideoloji bir əsərdirmi? İdeologiya əgər bəlli kollektiv maraqlar ətrafında insanları cəmləyirsə, islamda kollektiv və şəxsi maraq bəhs mövzusu deyil. Bir tək maraq vardır, Yaradanın mənafeyi. Hər şey, hər kəs Onu razı salmaq üçün hərəkət etməlidir. Bütün mənafelər Onun uğrunda qurban verilə bilər. Insanın kollektiv və individual bütün aktlarının yeganə motivi “Allah rızası”dır. Yəni, dinə görə belədir. Bunu deyən əsər ideoloji, buna söykənən din ideologiya sayıla bilərmi? Məncə yox!

Beləliklə, bir əsər nə fəlsəfi, nə elmi, nə ideoloji bir yazı deyilsə, üstəlik tənqid olunması müəllif tərəfindən qadağan olunubsa, təkmilləşməsi əsərin özü tərəfindən mümkünsüz elan edilibsə, onun tənqid edilməsinin, özü də bu qədər çox, uzun, bezdirici olmasının mənası yoxdur.

İnsan islamdan öncə də, islamla da, islamsız da çox cinayətlər törədib. Buna görə insanlığa, insani dəyərlərəmi nifrət edirik, cinayətkaramı yoxsa?

Bir müsəlman baş kəsir, başkəsənliyimi qınayacağıq, islamımı? Cavabı, Sartr verir. Avropalıların yəhudilərə etdiyi səhvi təkrarlamamaq üçün nə etməli o halda..?

Bolşevizm göstərdi ki, dinsiz olmaq, dinə qarşı olmaq cinayətkar olmamağa yetmir.

Dünyanın insan yaşayan hər zonasında konfliktlər vardır. Bu zonalardan sadəcə bir dənəsi islami zonadır. Bir tək istisna vardır : Avroatlantik məkan:  total sülh və ədalət.  Hərçənd, Amerikanın özünün sülhsevərliyi  ilə bağlı ciddi suallar vardır. Amma,  Avropa tam stabil zonadır. Və hər mənada inkişaf etmiş yerdir.  Bizim intellektuallar düşünür ki, bunun səbəbi dinsizlikdir. Ola bilər.. Mənə görə isə dinsizlik səbəb deyil, nəticədir. Inkişafın, intellektual yetkinliyin, tarixdən alınan acı dərslərin nəticəsidir Avropadakı dinsizlik.

Ana səhifəMənim FikrimcəKimdir günahkar?!