“Kəndimizdə kimin pulu varsa, güc də ondadır”

Kovlar sakini kənd məktəbinin ərazisinin zəbt olunmasından, evinə gedən yolun kəsilməsindən şikayətçidir

Source: Meydan TV


Kovlar sakini kənd məktəbinin ərazisinin zəbt olunmasından, evinə gedən yolun kəsilməsindən şikayətçidir

“Rayonda özbaşınalıq baş alıb gedir, vətəndaşı yaxın buraxıb dərdini dinləyən məmur yoxdur. Kimin pulu, gücü var, istədiyini edir. 6 ildən çoxdur ki, tikdiyim evdə rahatlığım yoxdur, imkanlı, hamını pulla ələ alan qonşu evimə gedən yolumu kəsib, buna etiraz etdiyimə görə özümü də iki dəfə döyüblər. İndiyə kimi məsuliyyətə cəlb olunmayıblar”.

Bunu Meydan TV-yə Sabirabadın Kovlar kənd sakini Mircəmil Ağayev deyir. Onun sözlərinə görə, qonşuluqdakı Məmmədovlar ailəsi 2008-ci ildən ətrafdakı torpaq sahələrini zəbt edə-edə öz ərazilərini 1 hektar 35 sota çatdırıblar. Heç bir texniki şərtə əməl etmədən, başqalarının həyatını təhlükəyə atmaqla işıq, qaz, su çəkiblər. Ancaq rayonun aidiyyəti qurumları buna göz yumur.


“Qanundan danışana gülürlər”

“2008-ci ildə gənc ailə kimi mənə də torpaq sahəsi verildi, ev tikməyə başladım. 2014-cü ildə evə köçdüm, o gün – bu gün rahatlığım yoxdur. Qonşu yaşamağa imkan vermir. İcra hakimiyyətinə, bələdiyyəyə pul verib istədiklərini edirlər. “Qanun var, qayda var” deyəndə adama gülürlər, deyirlər, qanun da bizik, qayda da bizik, hara istəyirsən, şikayət elə… Əslində isə düz deyirlər, belə olmasaydı, illərdir etdiyim şikayətlərə baxılardı, nəticəsi olardı. Rayonun məmurları da, hüquq-mühafizə orqanları da bu adamların tərəfindədir, onları qorumaqla məşğuldur”, – şikayətçi deyir.


“Çəkdikləri elektrik naqilləri insanların həyatına təhlükədir”

Mircəmil Ağayev deyir, Məmmədovlar ailəsi Kovlar kənd məktəbinin ərazisini də zəbt edib:

“Burada heç bir ailəyə bu boyda torpaq verilməyib, yeganə ailədir ki, bunlara 1 hektar 35 sot torpaq verilib. Daha doğrusu, özlərinin dediyinə görə, pul verib alıblar. Hətta məktəbin də ərazisini zəbt ediblər. İşıq xəttini məktəbin çəpərinin üstüylə çəkib aparıblar, hansı ki, yağışlı havada insanların həyatı üçün birbaşa təhlükədir. Məktəbdən çıxan uşaqları cərəyan vura bilər. Dəfələrlə şikayət etmişik, gəlib yerində araşdırma aparıblar, özləri də təsdiqləyiblər ki, bəli, məktəbin ərazisi zəbt olunub, ancaq heç bir tədbir görməyiblər. Bunlar azmış kimi, məktəbin ərazisindən istifadə etməklə öz ərazilərinə su kanalı çəkiblər”.


“Əl-qolumu bağlayıb, döyüblər”

Mircəmil Ağayev deyir, o, bütün bunlarla şikayət etdikcə, qonşu qolunun gücünü göstərib:

“İki dəfə döyüblər məni… Bir dəfə öz həyətimdə gəlib döydülər, şikayət etdim, polisə çağırıb barışıq ərizəsi yazdırdılar. İkinci dəfə aparıb həyətlərində əl-qolumu bağlayıb yenə döydülər, indiyə kimi də şikayətimə baxan yoxdur”.

Sabirabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan torpaq sahəsi Məmmədovlara sənəd əsasında verilib. Əgər Mircəmil Ağayevin əlində qanunsuzluqla, zəbtlə bağlı hər hansı fakt varsa, Məmmədovlara qarşı məhkəmə iddiası qaldıra bilər.

Sabirabad Rayon Polis Şöbəsindən isə bildirilib ki, Mircəmil Ağayev 2 il əvvəl Məmmədovlarla bağlı şikayət edib. Ərizə araşdırılarkən tərəflər arasında barışıq olub, iş bağlanıb. Əgər yenə də hər hansı şikayəti varsa, əriyəzlə müraciət etsin, araşdırılsın. Digər mülki məsələlərlə bağlı isə vətəndaş məhkəməyə və aidiyyəti qurumlara müraciət etməlidir.

Image from iOS (143).jpg
Evin vəziyyəti
Ana səhifəBölgə“Kəndimizdə kimin pulu varsa, güc də ondadır”