Kəmaləddin Heydərovun müavini Rövşən Əkbərovun əleyhinə ifadə verib

Hadisədən sonra Azərbaycanın Ukraynadakı səfirliyinin komendantı Qüdrət Əhmədov 1 ay təqsirləndirilən şəxs kimi bu cinayətə görə həbsdə saxlanılıb.

Source: Meydan.TV


Orucəli Hacıyev: “Oxumadan qol çəkmişəm, ona görə fikir verməmişəm ki…”

Qəsdən adam öldürmə və xuliqanlıq ittihamıyla həbsdə olan Milli Qəhrəman, general Rövşən Əkbərovun işində bir sıra məmurlar dəfələrlə dindirilib. Cinayət işinin materiallarından belə məlum olur ki, onlar əvvəlki ifadələrində generalın əleyhinə şahidlik etməsələr də, sonuncu dindirmədə Rövşən Əkbərovu açıq şəkildə ittiham ediblər. Söhbət fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovdan gedir.

General 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 3 radələrində Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığında yerləşən kafenin həyətində 29 yaşlı azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur. Nazim İbrahimov 1997-1999-cu illərdə Azərbaycanın Ukraynada səfiri, Elçin Əliyevin də yaxın dostu olub. Mərhum Elçin Əliyevin o dövrdə maddi imkanlarının yaxşı olduğu, səfirliyə avadanlıq təminatıyla bağlı məsələlərdə xeyli yardım göstərdiyi bildirilir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisə baş verən vaxt Nazim İbrahimov Kiyevdə olmayıb. 2000-ci ilin parlament seçkilərində deputat olan Nazim İbrahimov o ərəfədə bununla əlaqədar Bakıda olub. Amma hadisəni eşidən kimi, dərhal Kiyevə gedib.

Bu ilin martında Rövşən Əkbərovla Nazim İbrahimov arasında üzləşmə keçirilib. Çünki sabiq komitə sədri öz ifadəsində deyib ki, Rövşən Əkbərov onunla söhbətində Elçin Əliyevi öldürdüyünü etiraf edib. Onun sözlərinə görə, Kiyevə gedəndən sonra Rövşən Əkbərov özü onun qaldığı otelə gələrək, olanları danışıb. Kafedə aralarında mübahisə yarandığını, həmin vaxt Elçin Əliyevin yanında olan Məzahir Şıxəliyevi yumruqla, onun özünü isə bıçaqla vurduğunu etiraf edib.

Nazim İbrahimov 2003-cü ildə verdiyi ifadədə isə deyirdi ki, Elçin Əliyevin kim tərəfindən öldürüldüyünü bilmir. Rövşən Əkbərov onunla oteldə görüşəndə də ona Elçin Əliyevin qətlinə aidiyyəti olmadığını bildirib.

15 ildir fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyev də bu cinayət işi üzrə bir neçə dəfə dindirilib. Onun da əvvəlki ifadələrində generalın adı çəkilməyib. Elçin Əliyev öldürülərkən hadisə yerində olmuş Orucəli Hacıyev yalnız sonuncu ifadəsində cinayətin Rövşən Əkbərov tərəfindən törədildiyini deyib. Nazir müavini dindirmədə bu ziddiyyətlə bağlı suala belə cavab verib: “Cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsi barədə bütün ifadələrimdə bildirmişəm. Lakin ifadələrimi oxumadan imzalamışam. Ona görə fikir veməmişəm ki, məni dindirənlər dediklərimin hamısını qeyd ediblər, yoxsa yox…”

1990-cı illərdə Sumqayıtda məişət kimyası zavoduna rəhbərlik edən, “İnterxom” şirkətinin təsisçisi və direktoru olan Orucəli Hacıyevin Kiyevdə də biznesi olub. 2000-ci illərdə şirkətin bir zavodunu da Kiyevdə inşa etmək qərarına gəlib. Kiyevdə olduğu müddətdə Elçin Əliyevlə tanış olub. Nazir müavini ifadəsində bildirib ki, 2001-ci il mayın 31-dən iyulun 1-nə keçən gecə saat 3-4 radələrində Məzahir Şıxəliyevdən zəng gəlib. Həmin vaxt o, telefonda ağlayırdı: “Ağlaya-ağlaya “Elçini bıçaqladılar” dedi. Kimin vurduğunu soruşanda isə “Rövşən vurdu” cavabını verdi…”

Orucəli Hacıyevin sözlərinə görə, sonradan bilib ki, söhbət Milli Qəhrəman Rövşən Əkbərovdan gedir: “Dərhal geyinib Məzahirin dediyi yerə getdim. Məzahir Elçinin başını öz dizinin üstünə qoyub ağlayırdı. Soruşdum ki, səni kim vurdu? Cavab vermədi. Kafenin mühafizəçisi dedi ki, artıq ölüb…”

Generalın ittiham olunduğu əmələ görə səfirliyin komendantı həbs edilib.

General Rövşən Əkbərov bu ilin martından həbsdədir. O, istintaqda ifadə verməkdən imtina edib. Məhkəmədə də ittihamı qəbul etməyib, özünü təqsirli bilmədiyini deyib. Elçin Əliyevi öldürməsi haqda cinayət işinin materiallarında yazılanları “film ssenarisi” adlandırıb. General deyib ki, zərərçəkmiş və şahidlər dindiriləndən sonra ifadə verəcək.

Cinayət işinin materiallarında iddia olunur ki, Azərbaycanın Ukraynadakı səfirliyində Elçin Əliyev də daxil olmaqla, bir sıra azərbaycanlılar toplaşıb, yeyib-içiblər. Gecə saatlarında onlar dağılışıblar. Elçin Əliyev dostu Məzahir Şıxəliyevlə birlikdə səfirlikdən çıxıb yaxınlıqdakı “Sikora” kafesinə gedib. Həmin vaxt Kiyevdə ezamiyyətdə olan Rövşən Əkbərov da ora gəlib. Elçin Əliyev onu öz masalarına dəvət edib, onlar söhbətləşiblər. Söhbət əsnasında aralarında mübahisə yaranıb. Aralarındakı səs-küyə görə gecə saat 3-4 radələrində kafenin işçiləri onları çölə çıxarıb. Mübahisə kafedən kənarda davam edib. Bu zaman Rövşən Əkbərov Məzahir Şıxəliyevi yumruqla vurub. Elçin Əliyevi isə maşınından götürdüyü bıçaqla ürək nahiyəsindən bir zərbə ilə öldürüb.

Hadisədən sonra Azərbaycanın Ukraynadakı səfirliyinin komendantı Qüdrət Əhmədov 1 ay təqsirləndirilən şəxs kimi bu cinayətə görə həbsdə saxlanılıb. Lakin sonradan onun günahsız olduğu ortaya çıxıb və haqqındakı cinayət işinə xitam verilib. Qüdrət Əhmədov 2006-cı ilin sentyabrında infarktdan vəfat edib.

Məzahir Şıxəliyev də xəstəlikdən vəfat edib. Generala qarşı irəli sürülən xuliqanlıq ittihamı onun vurulması iddiası ilə bağlıdır. Onun vəfatıyla əlaqədar qardaşı zərərçəkmiş qismində tanınıb.

Mərhum Elçin Əliyevin isə atası Fəday Əliyev zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi olmaqla, 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb.

2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Ana səhifəSosialKəmaləddin Heydərovun müavini Rövşən Əkbərovun əleyhinə ifadə verib