Kəmalə Ağazadəyə 4 il həbs istənildi

Prokuror QHT sədrinin məhkəmə zalından həbs olunmasını istəyir

Source:
Kamalə Ağazadə
Kamalə Ağazadə


Prokuror QHT sədrinin məhkəmə zalından həbs olunmasını istəyir

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadəyə prokuror 4 il azadlıqdan məhrumetmə cəzası istəyib.

QHT sədrinin işi üzrə məhkəmə istintaqı iyunun 29-da yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. K.Ağazadəyə qarşı irəli sürülmüş dələduzluq və rüşvət verməyə təhrik ittihamlarının məhkəmədə sübuta yetirildiyini deyən prokuror təşkilat rəhbərinin məhkəmə zalından həbs olunmasını təklif edib.

K.Ağazadə haqqında cinayət işi başlansa da, onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

K.Ağazadənin rəhbərlik etdiyi təşkilat 1999-cu ildən Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirib. Layihələrdən biri də “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakıyla milli imkanların genişləndirilməsi, profilaktika və müalicənin gücləndirilməsi vasitəsiylə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” olub. Layihələrin icrasında müxtəlif adamlar iştirak edib, onlar xidməti müqavilə ilə fəaliyyət göstəriblər. Gördükləri işin qarşılığında da xidmət haqqı alıblar.

İttihama görə, layihə başa çatanda onun uzadılması üçün Səhiyyə Nazirliyinin razılığını almaq məqsədilə K.Ağazadə nazirlikdəki vəzifəlilərə rüşvət vermək adıyla üç nəfər işçidən 7 min 800 manat pul alıb. Həmin üç nəfərdən biri də K.Ağazadənin qardaşının keçmiş həyat yoldaşı Həcər Kəngərlidir. O, keçmiş baldızının 3 min 600 manat aldığını iddia edir.

K.Ağazadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.


K.Ağazadə

ittihamda göstərilənlərin böhtan olduğunu bildirir. Onun sözlərinə görə, qardaşının keçmiş həyat yoldaşı bu cür yollarla ondan qisas almağa çalışır:

“Bütün bunları edən mənim qardaşımın keçmiş həyat yoldaşı Həcər Kəngərlidir. 3 il bundan öncəyə qədər hər şey qaydasında gedirdi. Ta ki, 2015-ci ildə qardaşımla aralarında problem yarandıqdan sonra ailələri dağılana qədər…

Həcər 2016-cı il yanvarın 10-u Bakıdan çıxıb getdi, amma getdiyi gün kabinetimə girib məni hədələdi. Mənim 1999-cu ildə aldığım torpaq sahəsi var, bələdiyyə torpağıdır. Dedi ki, sənin qardaşın mənə 5 min pul borcludu. Ya o 5 mini, torpağın bir hissəsini və qeydiyyatda olduğum (indi də mənim evimdə qeydiyyatdadır) evindən mənə pay verəcəksən, ya da səni bitirəcəyəm. Və o vaxtdan müxtəlif oyunlar qurmağa başladı.

İki işçimi öz tərəfinə çəkib. Həmin layihə ilə bağlı 2015-ci ilin noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatından da, Qlobal Fond “Zərərin Azaldılması Proqramı”ndan da gəlib, bütün işçilərlə ayrı-ayrılıqda yoxlama aparıblar. Heç biri pul alınması ilə bağlı bir kəlmə də deməyib. Amma bu gün ittiham aktına baxıram ki, guya məndən qorxduqları üçün demədiklərini bildiriblər. Məgər mən bu qədər qorxulu bir insanam ki, kimisə qorxudaraq nəyəsə məcbur edim?! Necə olur ki, həmin layihənin 5 işçisi bu gün də mənimlə işləyir?!”

K.Ağazədənin vəkilləri Aqil Layıcovla Loğman Abdullayev müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

Ana səhifəXəbərlərKəmalə Ağazadəyə 4 il həbs istənildi