Arif Hacılı: ”Helikopterçilər dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər”
Aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 25 ili tamam olur.
Bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də Kəlbəcər etmənilər tərəfindən işğal edilib.
1936 kv. km. sahəsi olan rayonun işğalı zamanı 500-dən çox adam öldürülüb, 300-dən çox adam əsir götürülüb və itkin düşüb. 58 min sakin məcburi köçkün olub.
130 yaşayış məntəqəsi Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Rayon ərazisində mədəniyyət və dini abidələr, o cümlədən kilsələr dağıdılıb, muzeylər qarət edilib.
Kəlbəcər rayonunun işğalından sonra BMT TŞ-nin qəbul etdiyi qətnamədə işğalçı qüvvələrin dərhal çıxarılması tələb edilib. Ancaq bu və BMT TŞ-nin növbəti üç qətnaməsi (həmin sənədlərdə erməni qoşunların çıxarılması tələb olunur) icra edilməmiş qalır.
BMT və ATƏT-in prinsiplərinə zidd olaraq Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma aparır.
Həmin vaxt prezidentin müşaviri olmuş Arif Hacılı xatırlayır ki, işğaldan bir gün əvvəl Kəlbəcər istiqamətində uçan helikopter vurulmuşdu. Ona görə helikopterçilər Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər:
“Vəziyyəti prezident Əbülfəz Elçibəyə məruzə etdim. Prezident mənim yanımda Türkiyə Baş Naziri Süleyman Dəmirələ telefon açaraq ondan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi. Süleyman Dəmirəl belə yardım göstərməkdən imtina etdikdə, Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayevlə danışmağımı tapşırdı. Mən Dudayevlə danışdım. O helikopterlərinin az olduğunu, amma helikopterçilər göndərməyə hazır olduğunu bildirdi. Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq lazım gəlsə belə helikopterçiləri Kəlbəcərə uçmağa məcbur etməyi tapşırdım. Bu prosesdə Yevlax rayon icra hakimiyyətinin başçısı Rafiq Həsənov xüsusi fədakarlıq göstərdi. Bir neçə saat sonra Kəlbəcərdən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyini bildirdi. Özü isə geri qayıdarkən qəzaya uğrayıb yaralandı”.