Keçmiş səfir: “Eldar Mahmudovun İsrail kəşfiyyatı ilə güclü əlaqələri Moskvanı narahat etməyə bilməzdi”

Belə ciddi fiqurun itirilməsi İsrail xüsusi xidmət orqanlarını narahat etməyə bilməz və yəqin ki, o, buna sərt cavab verəcək

Source:


Belə ciddi fiqurun itirilməsi İsrail xüsusi xidmət orqanlarını narahat etməyə bilməz və yəqin ki, o, buna sərt cavab verəcək

Azərbaycanın Avropa Birliyi və Avropa Şurasındakı səfiri olmuş diplomat Arif Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi ilə bağlı ilginc açıqlama yayıb.

Arif Məmmədov özünün Facebook səhifəsində Eldar Mahmudovun istefaya göndərilmə səbəblərinə dair mülahizələrini və məlumatlarını paylaşıb.

Sabiq səfir iddia edir ki, 16 oktyabr sərəncamı Eldar Mahmudovun ölkə başçısının qəzəbinə tuş gəldiyi ilk hal deyil. Bir dəfə də o, biznes strukturlardan birindən şantajla çox böyük məbləğ alıb və onu lazım olduğu üzrə ümumi “katyol”a çatdırmayıb. Bu barədə İlham Əliyev xəbər tutanda o, vəzifəsini itirməyin bir addımlığında olub. Lakin tutduğu əmələ görə böyük məbləğdə cərimə ödəyərək, vəziyyətdən çıxa bilib: “Həmin vaxt Mahmudovun vəziyyətdən çıxmasına onun ailəsinin prezidentin ailəsi ilə yaxın münasibətləri də təsir göstərib”.

Arif Məmmədov yazıb ki, Eldar Mahmudov həqiqətən də Beynəlxalq Bankdan böyük məbləğdə pul götürüb və pulların əhəmiyyətli hissəsi yoxa çıxıb. Müəyyən edilmiş vaxtda o götürdüyü vəsaiti qaytara bilməyib. Bundan başqa, götürülən pullar Mahmudovun başqa bir qohumu Çingiz Əsədullayevin rəhbərlik etdiyi “Azəriqazbank” üzərindən üçüncü ölkələrə ötürülüb.

“Eldar Mahmudov İsrail kəşfiyyatı ilə güclü şəxsi əlaqələr yaradıb. Bu isə Moskvanı narahat etməyə bilməzdi. Güman ki, Moskva keçmiş nazirlə bağlı hansısa ciddi kompromat əldə edib və onu Astanada prezidentlərin görüşündə İlham Əliyevə çatdırıb”,-deyə sabiq səfir qeyd edir.

Keçmiş səfir bildirib ki, Eldar Mahmudov hakimiyyətdə bir çox məşhur nazirlərin də daxil olduğu iri klanlardan birinin başçısına çevrilmişdi. O, həmin nazirləri Prezident Administrasiyasının təsirlərindən qorumaqla məşğul idi.

Arif Məmmədov keçmiş naziri hədəfə gətirən səbəblərdən sonuncusu kimi 2011-2012-ci illərdə özünün həbsi barədə Prezident Administrasiyasından verilən göstərişi Eldar Mahmudovun rədd etməsini göstərir. Keçmiş səfir bunun üçün keçmiş nazirə minnətdar olduğunu da qeyd edib.

Arif Məmmədov iddia etdiyi səbəblərdən sonra Mahmudovun vəzifədən çıxarılmasının doğura biləcəyi nəticələr barədə də mülahizələrini bölüşüb:

– Belə ciddi fiqurun itirilməsi İsrail xüsusi xidmət orqanlarını narahat etməyə bilməz və yəqin ki, o, buna sərt cavab verəcək.

– Mahmudovun oyundan çıxması onun çevrəsindəki nazirlərin onsuz da zəifləmiş mövqelərini bir az da zəiflədəcək. Prezident Administrasiyası nəhayət, o nazirlər qrupunu asanlıqla uda biləcək. Bu isə hakimiyyətdə kollapsı daha da sürətləndirəcək.

– Nəzərə alınsa ki, MTN keçmiş nazirin yaxın adamlarından ibarət olmaqla komplektləşdirilib, bu nazirlik eynən XİN kimi, uzun müddətə fəaliyyət qabiliyyətini itirəcək.

– Bəlli olduğu kimi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində bu nazirliyin şəxsən Mahmudova sadiq olan çoxlu sayda əməkdaşları çalışır. Mümkündür ki, onlardan bir neçəsi diplomatların nümunəsindən yararlanacaq və geri qayıtmaqdan imtina edəcək, xarici ölkələrdən siyasi sığınacaq alacaq.

Ana səhifəXəbərlərKeçmiş səfir: “Eldar Mahmudovun İsrail kəşfiyyatı ilə güclü əlaqələri Moskvanı narahat etməyə bilməzdi”