Məhkəmə hər iki şəxsin hüquqlarının pozuntusunu tanıyıb, onlara təzminat ödənilməlidir
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) aprelin 27-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 2 yekun qərarını elan edib.
Ərizələrdə ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarının pozuntusu mübahisələndirilib.
“Şəhla Abbasəliyeva Azərbaycana qarşı” – işində ərizəçi Qazax Xəstəxanasının Ambulatoriyasının baş həkimi olub.
Məhkəmə işi 2011-ci ildə ərizəçi barəsində “Gündəlik Bakı” qəzetində dərc edilmiş bir neçə məqalə ilə bağlıdır.
Həmin məqalələrdə Şəhla Abbasəliyevanın bu vəzifəyə layiq olmadığından bəhs edilir.
Məqalə müəllifləri bunu ərizəçinin qardaşının 1995-ci ildə dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinməsi ilə əsaslandırıb.
Ərizəçi məqalələrin yayılmasından bir qədər sonra baş həkim vəzifəsindən azad edilib. O, həm işəgötürənə, həm də qəzetə qarşı məhkəmə iddiası qaldırıb, lakin iddiaları uğursuz olub.
Ərizəçi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinə əsaslanaraq, milli məhkəmələrin onun qəzetə qarşı iddialarını təmin etməməsindən və onun baş həkim vəzifəsindən azad edilməsinin nüfuz hüququnu pozmasından, habelə, ona qarşı ayrı-seçkilik edilməsindən şikayət edib.
Ərizəçi, xüsusilə, məqalələrin pis niyyətlə yazıldığını və yalnız qardaşının siyasi baxışlarına və əqidəsinə görə onu gözdən salmaq məqsədi güddüyünü vurğulayıb.
Avropa Məhkəməsi mübahisəli məqalələrin ifadə azadlığı hüququnun sərhədlərini aşdığı, ərizəçinin Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququnu pozduğuna qərar verib.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4500 avro ödəməlidir.
Hüquqşünas Xalid Ağəliyev bildirir ki, Şəhla Abbasəliyeva 13 il əvvəl Qazax xəstəxanasına baş həkim təyin olunub.
Bir qədər sonra yerli mediada onun əleyhinə təbliğata başlanıb, vəzifəsinə layiq olmadığı vurğulanıb:
“Media həmin məqalədə həkimin bu vəzifəyə layiq olmamasına səbəb kimi qardaşı Elçin Əmiraslanovun siyasi mövqeyini göstərib. Həkimin qardaşı OMON-çu olub və 1995-ci ildə dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinib. Bu barədə yazılan məqalələrdən sonra həkimi işdən çıxarmışdılar. Yerli məhkəmələrimiz də baş həkimin işdən çıxarılması qərarını haqlı çıxardığından o, Avropa Məhkəməsinə şikayət etmişdi. Bu gün Avropa Məhkəməsi baş həkimə münasibətdə şəxsi həyata hörmət hüququnun pozuntusunu tanıyıb”.
AİHM-in növbəti qərarı “Dursun Əliyev Azərbaycana qarşı” işi ilə bağlıdır.
Bu işdə ərizəçi Dursun İsrafil oğlu Əliyev polis idarəsində əməliyyat müvəkkili işləyib.
Məhkəmə işi ona qarşı narkotik alveri ittihamı ilə cinayət işinin açılması ilə bağlıydı.
Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq digər məsələlərlə yanaşı iddia edirdi ki, yuxarı rəisləri ilə ixtilaflarının olması səbəbindən ittiham edilib, uydurma və ya etibar edilməməli olan sübutlar əsasında məhkum olunub.
Ərizəçinin iddiasına görə, ona həmin etibarlı olmayan sübutlara effektiv etiraz etmək, onun xeyrinə olan arqumentləri təqdim etmək imkanı verilməyib, cinayət prosesinin ibtidai istintaq mərhələsində ilkin dindirilməsi zamanı effektiv hüquqi yardım almaq imkanından məhrum edilib.
Avropa Məhkəməsi keçmiş polis məmurunun iddialarını əsaslı sayıb, ona münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.
Qərara görə, hökumət ərizəçiyə ümumilikdə 5 min avro təzminat ödəməlidir.
Xalid Ağəliyev bildirir ki, beləliklə, məhkəmə polis haqda yerli qurumların qərarlarının qanunsuz olması qənaətinə gəlib:
“İndi hökumətimiz həm keçmiş baş həkimə, həm də polisə təzminat ödəməli olacaq”.