Dərya və Leyla övladlarını Bakıda qoyub Ukraynaya qayıtmağa hazırlaşırlar. Onlar Ukraynada gedən müharibədə könüllü kimi iştirak edirlər. Bacılar döyüşçülərə və mülki şəxslərə ilkin tibbi yardımla bağlı məsləhətlər verirlər.
“Biz başa düşürdük ki, əgər sənin torpağında düşmən varsa, sənin qardaşlarını və bacılarını öldürməyə başlayıblarsa, doğma vətəninin işğalına başlanılıbsa, sən nəsə etməlisən. Nə edə biləcəyini sonra anlayacaqsan. Əsas nədənsə başlamaqdır. Əlbəttə, qorxursan, həmin o istiqamətdə ilk dəfə getmək qorxuluydu. Biz başa düşürdük ki, döyüşən insanlar varsa, deməli onlara döyüşməyə kömək edən insanlar da olmalıdır. Bu, tamamilə normal prosesdir, başqa cür ola da bilməz”-Dərya Hüseynli deyir.
Onların atası azərbaycanlı, anası ukraynalıdır. Ataları Xaqani Hüseynli AXC hakimiyyəti dövründə Nizami rayonunun icra başçısı olub.
“Bizə deyirdilər ki, sizə rahatdı, sizin atanız müharibə iştirakçısı olub, uşaqlıqdan müharibə görmüsüz. Sizin üçün bütün bunlar normaldı, indi də müharibədəsiz. Bunu eşitmək çox qəribə idi. Bilmirəm, vaxt keçəndən sonra mənə də demək çətindir ki, atam Qarabağdan olmasaydı, biz necə insan olardıq. Atam burada da vaxtilə müharibə olanda ordusuna ciddi kömək edirdi”- Dərya Hüseynli bildirir.
Dərya və Leyla 2014-cü ildə başlayan Rusiya-Ukrayna müharibəsində də könüllü olublar
Onlar NATO zabitlərindən təlimlər alıblar
Onlar ümid edirlər ki, müharibə tezliklə yekunlaşar və Ukrayna xalqı üçün qələbə ilə bitər.