Sabiq məmurların vəkilləri istintaqın yekunlaşmamasına etiraz ediblər
Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov oktyabrın 6-da məhkəmə qarşısına çıxarılıb. Səbail Rayon Məhkəməsində onun barəsindəki həbs-qətimkan tədbirinin müddətinin yenidən uzadılması üçün verilən təqdimata baxılıb.
Sabiq icra başçısının ibtidai istintaq dövründə həbsdə saxlanma müddətinin uzadılması məsələsinə hakim Rəna Qafarova qapalı məhkəmə iclasında baxıb. Sonda qərar verilib ki, Q.Səmədovun istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılsın.
Qoca Səmədov və Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev icra başçılarının həbs dalğasında ilk tutulanlar oldu. Onlar ötən ilin dekabrından həbsdədir. İlkin istintaq dövrü üçün birinci dəfə onlar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçildi. Amma istintaq yekunlaşmadığına görə müddət daha üç dəfə məhkəmə qərarıyla uzadılıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, sabiq məmurların vəkilləri onların barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına, 10 ay ərzində istintaqın yekunlaşmamasına etiraz ediblər.
Q.Səmədova qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi ittihamlar irəli sürülüb.
Ötən ilin dekabrında həbs edilən Q.Səmədov bundan iki ay əvvəl – oktyabrın 12-də prezidentin sərəncamıyla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Onun haqqında sərəncamda da ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırıldığı qeyd olunub.