“Heç bir səbəb olmadan oğlumuzu polislər aparıb. Səbəbini soruşuruq, heç nə demirlər”, – keçmiş hicab məhbusu, Bərdədən olan dindar Elşən Abbasovun ailəsi Meydan TV-yə belə deyib.
Ailə Elşən Abbasovun təxminən 1 saat öncə saxlanıldığını deyir: “Hazırda o, Bərdə rayon Polis İdarəsindədir. Qanunsuz həbslə bağlı ailəsinə və yaxınlarına heç bir məlumat verilmir. Məhərrəm ayında möminlərə zülm etmək, repressiyalara davam etmək kimlərinsə sifarişli oyunudur. Aşuraya görə möminlərə düşmən kəsilmək Azərbaycan dövlətçiliyinə təhdid və xəyanətdir. Oğlumuzun dərhal sərbəst buraxılmasını tələb edirik”.
Ailəsi onun məhkəməyə aparılacağını gözləyir.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Bərdə rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Növbətçi hissədən məsələdən xəbərsiz olduqları deyilib:
“Dediyiniz şəxslə bağlı bizdə məlumat yoxdur. Kimdir, niyə həbs edilib, bilmirik”.
Elşən Abbasov 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” aksiyası zamanı həbs olunan 15 nəfərdən biri olub. O, Cinayət Məcəlləsinin 233-cü maddəsilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.