Hakim: Keçmiş deputatın qardaşının həbsi üçün kifayət qədər əsas yoxdur (yenilənib)

Rəfael Cəbrayılov, Foto: Real TV-dən screenshot


Elşən Cəbrayılov haqqında istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilməsilə bağlı təqdimata baxan Nərimanov rayon Məhkəməsi onu təmin etməyib.

Hakim belə qərara gəlib ki, onun haqqında həbs qərarı çıxarılması üçün kifayət qədər əsas yoxdur


Elşən Cəbrayılovun adı məhkəmədə çox hallanırdı

2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş, 2021-ci ilin sentyabrında həbsdə vəfat edən Rəfael Cəbrayılovla bağlı cinayət işində onun qardaşı, “Dərhal” tikinti şirkətinin rəhbəri Elşən Cəbrayılovun adı çox hallanırdı. O, qardaşının işi üzrə şahid kimi dindirilsə də, Rəfael Cəbrayılovun ölümündən sonra xanımı məhkəmədə vəsatət qaldıraraq, qaynının həbs olunmasını istəmişdi. Sabiq deputatın hüquqi varisi qismində tanınan Aidə Cəbrayılova iddia edirdi ki, həyat yoldaşının həbs olunmasına görə Elşən Cəbrayılov günahkardır. Cinayət işində zərərçəkmiş kimi tanınan vətəndaşların bir çoxunun aldadılmasında Elşən Cəbrayılovun təqsiri var.

Elşən Cəbrayılov isə ittihamları qəbul etmir, əksinə, qardaşının üzündən bütün bizneslərini, əmlaklarını itirdiklərini iddia edirdi.

Elşən Cəbrayılov aprelin 11-də tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. İstintaq Nərimanov Rayon Polis İdarəsində aparılır.

Prokuror Elşən Cəbrayılov haqqında həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verib. Aprelin 13-də gün ərzində təqdimata baxılacaq.

Elşən Cəbrayılovun tutulmasını Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. Onun idarəyə vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulduğu bildirilir. Vətəndaşlar onun rəhbərlik etdiyi tikinti şirkətindən mənzil, obyekt almaq üçün pul verib aldadıldıqlarını iddia edirlər.

Mərhum Rəfael Cəbrayılov da Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Rəfael Cəbrayılovun işi üzrə məhkəmə araşdırmaları hələ də davam edir.

Ana səhifəSiyasətHakim: Keçmiş deputatın qardaşının həbsi üçün kifayət qədər əsas yoxdur (yenilənib)