“Özümüz kiminsə qəbuluna getməsək, yada salan olmayıb”
Ermənistan və Azərbaycan arasında aktiv döyüş əməliyyatları 2016-cı il aprel ayının 2-də yenidən başlayır. Cəbhənin əsasən Tərtər və Füzuli rayonları istiqamətində gedən döyüşlər nəticəsində Azərbaycan ordusu 2000 hektara yaxın ərazini alır – Tərtər istiqamətində Talış yüksəkliyi, Füzuli istiqmətindən isə Lələtəpə
azad edilir.
Döyüşlər həmçinin əsgər itkiləri ilə də nəticələnir. Almaniyada təsis olunan, KİV və sosial media monitorinqini aparan “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) hesablamalarına görə, bu döyüşdə Azərbaycan 94 əsgərini
itirib.
Həlak olan əsgərlərdən biri Adil Adilzadə olub.
Adil Adilzadə 1993-cü ilin 17 aprel tarixində Mingəçevir şəhərində anadan olub və orta təhsilini də orada alıb. Futbolçu olmaq istəyən Adil 9-cu sinifdən məktəbdən çıxıb. Futbolçu karyerası qura bilməyən Adil Adilzadə 18 yaşı tamam olanda hərbi xidmətə yollanıb.
Adilin hərbi xidməti Haramı düzündə, Xocavənd yüksəkliyi ilə üzbəüz keçir. Əsgərliyi başa vurub evə qayıtdıqdan sonra yenidən hərbiyə dönmək istəyib. MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi hərbiyə qayıtmaq istəyən Adili bir neçə dəfə atası Kamran Abdullayev bu yoldan döndərib. 2014-cü il avqust
hadisələri
zamanı Adil arzusunu yenə də dilinə gətirib. Amma atası bu dəfə də oğluna icazə verməyib.
Şəhid statusu almış Adil Adilzadənin atası Kamran Abdullayev Adil oğlu (Adil Adilzadə soyadını babasının şərəfinə götürüb) ilə söhbət edəndə övladının yurdsevər, vətənpərvər olduğunu bildirib. 2014-cü ilin avqust ayından sonra ata və oğul arasında olan uzun söz-söhbətdən sonra K.Abdullayev oğlunun hərbiyə getməsinə xeyir-dua verib. Ordu sıralarına yazılan Adil Adilzadə xidmətini cəbhə bölgəsində edib.
Hərbi xidməti barədə evdə heç nə danışmayan Adil Adilzadə valideynləri ilə əlaqə saxlayanda özünün və oradakı vəziyyətin yaxşı olduğunu deyirmiş.
“Əməliyyatlar başlayanda leytenant Qabil Orucəliyev, baş leytenant Cavid Dədəkişiyev və oğlum ön sıralara keçib, döyüşə-döyüşə irəli gediblər. Oğlum olduğu üçün demirəm, mərd, döyüşkən uşaq idi. Sonradan oğlumun komandiri dedi ki, Qabil, Cavid və Adil 17 erməni əsgərini öldürüb, bir postu alıblar. Öz silahları qurtarıb, ermənilərin silahı ilə döyüşüblər”, deyə Kamran Abdullayev bildirir.
Kamran Abdullayev aprelin birində oğlu ilə telefon danışığından söhbət açır. O, oğlu ilə sonuncu dəfə aprelin 1-i saat 6-da telefonla danışdığını bildirir. Adil atasına deyib:
– Ata, nəyə zəng eləmisən? Hər şey yaxşıdı.
-Yaxşı eləmişəm, oğlumsan, dedim bir səsini eşidim.
Kamran Abdullayev qeyd edir ki, Adil atası ilə danışanda hərbi əməliyyat keçiriləcəyini bilirmiş, sadəcə valideynlərini narahat etməmək üçün bu barədə söhbət açmayıb. Adil deyib ki, ata, mən burada vətən qoruyuram, kefə gəlməmişəm. Atası isə ona “Bala, sənə də qurban olum, vətənə də, amma ata olanda niyə hər gün zəng elədiyimi anlayacaqsan”, deyə cavab verib.
Kamran Abdullyev aprel döyüşlərindən danışır:
“Aprelin 1-i səhər işə gedəcəkdim. Mingəçeviri səs-küy bürümüşdü. Mingəçevirlə Tərtər rayonu arasında məsafə böyük olmadığı üçün səslər eşidilirdi. Adilə zəng elədim, zəng çatmadı. İş yerinə çatdım, yenə zəng elədim, zəng çatmadı. Getdim Tərtərə, polislər ön xəttə getməyə imkan vermədilər. Adilin adını və soyadın dedim. Məlumat olan kimi zəng edəcəklərini bildirdilər. Nəsə olduğunu hiss edirdim. Dostlarım, oğlumun dostları Adilin şəhid olduğunu bilsələr də, bunu məndən gizlədiblər”.
Atanın doğum günündə şəhid hədiyyəsi
Kamran Abdullayev Adil oğlu 9 aprel 1965-ci ildə Mingəçevirdə doğulub.
“Televiziya 12 şəhidimizin olduğunu dedi. Kimlərin şəhid olduğu bilinirdi, siyahı var idi. Aprelin 9-u ad günüm idi. Dostlarım aprelin 9-da mənə “sürpriz” etdilər. Dedilər, nə gizlədək, oğlun şəhid olub…” Kamran Abdullayev susur, dolur…
Onun dostlarının sözlərinə görə, polislər K.Abdullayevin narahatlığını, durumunu nəzərə alaraq, bu xəbəri ona dostlarının deməsinin daha münasib olacağını düşünərək, bunu onlardan xahiş ediblər.
“Cənazələr Bərdədə idi. Oraya getdik, Bərdənin icra başçısı Vidadi İsayev müəllim bizi çox yaxşı qarşıladı. Orada olan bütün nümayəndələrə dedim ki, oğlumun üzünü görmək istəyirəm. Çox dedilər, lazım deyil, dedim, oğlumu görməliyəm. Görməsəm, rahat ola bilməzdim. Razılaşdılar, tabutu açdılar, baxdım, elə bil belimdən yük götürüldü. Gözümlə gördüm ki, oğlumdu. Bədəni salamat idi”.
Adil Adilzadə subay olub. Şəhid olmasa idi, doğum günündə subaylığın daşını atacaqmış. Kamran Abdullayev bildirir ki, Adil Novruz bayramında evə gəlib və anasına bibisi qızından xoşu gəldiyini deyib. Aprelin 17-si Adilin ad günü olacaqdı. Ad günündə bibisi qızının “hə”sini almaq üçün gələcəyini anasına deyib və cəbhəyə yollanıb.
Aprel hadisələrindən bir qədər sonra artıq şəhidlərin ailələrinə diqqət azalır. İcra hakimiyyətləri əvvəlki kimi bu ailələrə baş çəkmir. K.Abdullayevin sözlərinə görə, qohumların, Adilin dostlarının, sinif yoldaşlarının diqqəti hər zaman hiss olunsa da, rəsmi qurumların diqqətsizliyi aydın görünür.
Kamran Abdullayevin evi 2016-cı ilin noyabr ayında çat verəndə Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət edir. İcra hakimiyyətinin şifahi göstərişi ilə Yaşıllaşdırma İdarəsi Kamran Abdullayevə 100 ədəd kubik, 5 kisə sement verir. Yaşıllaşdırma İdarəsi bundan əlavə Kamran Abdullayevə məxsus həyət evinə dəmir qapı bağışlayır, ancaq həmin qapı köhnə, demək olar ki, istifadəyə yararsız olub. Bundan əlavə, şəhid ailəsinə verilən kubiklər söküntüdən əldə edildiyi və yarısı istifadəyə yararsız olduğu üçün evin təmirində istifadə edilməyib. Şəhidin dostları evi təmir ediblər. Adil Adilzadənin dostu Anar Poladov isə şəhid ailəsinə məxsus evə öz cibinin pulu ilə taxta döşəmə vurdurub. Mingəçevir şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, şəhidin il mərasiminin bütün xərcini özləri çəkəcəklər.
Kamran Abdullayev deyir ki, 40 mərasimindən sonra ancaq vətənpərvər, şəhid qədri bilənlər onları axtarıblar: “Özümüz kiminsə qəbuluna getməsək, yada salan olmayıb. Maddi yardımdan daha çox mənəvi yardıma ehtiyacımız var. Ancaq qohumlardan, dostlardan başqa heç kimi bizi itirib-axtarmır. Hər şey maddiyyatla ölçülmür axı. İli yaxınlaşana qədər heç kim zəng edib bir kəlmə vəziyyətimizi soruşmadı. İl yaxınlaşır deyə yuxarı dövlət orqanlarının və mətbuatın gözünə girmək üçün rayon rəhbərliyi əl-ayağa düşüblər”.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər özləri şəhid, onların ailələri isə şəhid ailəsi adlanır.
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının qanununun 3-cü maddəsində Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqlarından bəhs edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə rəhbər tutaraq ölkə başçısı 2016-cı il fevralın 1-dən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”-ü 10 faiz artıraraq 220 manat olması ilə bağlı fərman
imzalayıb.
Kamran Abdullayev bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər Şöbəsi onlara, Adil Adilzadənin atası Kamran Abdullayevə və anası Gülnarə Abdullayevaya birdəfəlik hər ay 110 manat məbləğində pul ayırıb.
Adil Adilzadə dəfn olunandan sonra isə onun şəhid olmasına görə 11 000 manat məbləğində sığorta pulu veriblər.
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının qanunun 4-cü maddəsində
Şəhid ailələrinin mənzillə təmin edilməsindən bəhs edir.
Həmin maddəyə əsasən;
Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli suda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.
Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.
Kamran Abdullayev deyir ki, 2017-ci ilin fevralında Mingəçevir şəhər İcra Hakimiyyətinə edilən çoxsaylı müraciətlərdən sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ev növbəsinə yazıblar. Ancaq ailəni hələ də evlə təmin etməyiblər.
11 aprel 2017-ci il tarixində Adil Adilzədənin il mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Mingəçevir şəhərində doğulmuş millət vəkili Aydın Mirzəzadə və rayonun digər vəzifəli şəxsləri iştirak ediblər. Rəsmilər və yas mərasiminə toplaşanlar öncə Mingəçevir şəhər Şəhidlər Xiyabanında Adil Adilzadənin qəbrini ziyarət ediblər. Sonra isə şəhidin il mərasimində iştirak ediblər.
Kamran Abdullayev qeyd edir ki, şəhidin il mərasiminin keçirilməsini Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədova tapşırmışdı: “Səxavət Məmmədov isə il mərasimini bacardığı qədər keçirdi”.
Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək haqqında qərarından sonra Azərbaycanla Ermənistan arasında etnik zəmində münaqişə başlayıb. Aktiv döyüşlərin dayandırılması 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.
XHTİ-nun hesabatlarına görə, 22 il ərzində davam edən atəşkəs rejimində Azərbaycan 1008 nəfər hərbçisini itirib.