Prezident yeni binanın təməlini qoydu
İyulun 20-də Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın rəsmi açılış mərasimi keçirilib.
Mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib.
APA yazır ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat veriblər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb.
Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı açılış mərasimində çıxış edib.
Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib və mənzillərlə tanış olub. Bundan sonra o, jurnalistlər üşün yeni tikiləcək binanın təməlini qoyub.
İyulun 19-da İlham Əliyev “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.