Müstəntiq: ”İkram Rəhimov ev dustaqlığına buraxılsa, yenə yazacaq”
Səbail Rayon Məhkəməsi noyabrın 26-da “realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.
Məlumatı Meydan TV-yə jurnalistin yaxınları veriblər.
İ.Rəhimovun özü də prosesdə iştirak edib.
Jurnalist məhkəmədə heç bir cinayət törətmədiyini, bununla belə aparılan istintaqdan yayınmaq niyyətinin olmadığını bildirib.
O, məhkəmədən ev dustaqlığına buraxılması barədə vəsatətinin təmin edilməsini istəyib:
“İndiyə kimi heç bir istintaq hərəkəti aparmayıblar. Bunun da səbəbi bəllidir, gərək nəsə olsun ki, araşdırsınlar. Həm də mənim həbs olunmağımın səbəbi nəyisə araşdırmaq yox, yazılarımın qarşısını almaq olub”.
Prosesdə iştirak edən müstəntiq vəsatətin əleyhinə çıxıb, məhkəmədən onun rədd edilməsini istəyib. Müstəntiq bildirib ki, jurnalist ev dustaqlığına buraxılsa, yenə də yazmağa davam edəcək.
Məhkəmə heyəti vəsatəti rədd edib.
İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.