İşə Ağır Cinayətlər Məhkəməsində baxılacaq
“Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun məhkəməsi başlayır.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Jurnalistin mühakiməsi Azad Məcidovun sədrliyilə, Səbinə Məmmədzadə və Əli Məmmədovdan ibarət hakimlər kollegiyasına həvalə olunub. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 5-də keçiriləcək.
4 aya yaxındır həbsdə olan Teymur Kərimov əvvəl Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham olunurdu.
Martda istintaqın sonunda ona eyni maddənin daha bir bəndi ilə əlavə ittiham verilib.
O, həm də Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.
O, İstək Totiyeva adlı şəxslə əlbirlikdə təqsirləndirilir.
İstək Totiyeva da təqsirləndirilən şəxsdir və Teymur Kərimovla birlikdə mühakimə olunacaq. Lakin o, həbs olunmayıb, onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.
İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın internet kanalından silinməsi üçün 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.
Teymur Kərimov özünü təqsirli bilmir. O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır.
Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.
Jurnalist heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini bildirib.
Teymur Kərimovun yaxınlarına bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul eləmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.
Teymur Kərimova ittiham verilən maddələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.