Jurnalist Seymur Həzi azadlığa buraxılmadı (VİDEO)

Həbsdə olan jurnalist Seymur Həzi 15 apreldə keçiriləcək məhkəməsindən öncə anasına azad ediləcəyini gözləmədiyini deyib. Ali Məhkəmə jurnalistin həbsindən verilən kassasiya şikayətinə baxıb. Seymur Həzi vəkili vasitəsilə məhkəmə prosesində iştirak etmək istədiyini bildirsə də, o,  məhkəməyə gətirilməyib. Vəkillər jurnalistə bəraət hökmünün çıxarılmasını istəsələr də, hakim heyəti jurnalistin həbsdə saxlanılmasına qərar verib.

Seymur Həzi Azadlıq qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” verilişinin redaktoru işləyib. Jurnalist hakimiyyəti tənqid edən məqalələrlə çıxış etdiyi üçün həbs edildiyini bildirib. Məhkəmədə ona verilən ittiham isə xuliqanlıqdır. 2015-ci ilin 29 yanvarında Seymur Həzi 5 il azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar hökumətdən jurnalistin dərhal azad edilməsini tələb edirlər.

Ana səhifəVideoJurnalist Seymur Həzi azadlığa buraxılmadı (VİDEO)