“Məqsəd jurnalisti böyük həcmli pul vəsaiti ilə cərimələmək, susdurmaqdır”
“Jurnalist – Elçin İsmayıllı tənqidi yazılarına görə məhkəməyə verilib. O, daha öncə də İsmayıllı Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən təzyiqlərə məruz qalmışdı”, – hüquq müdafiəçisi Oktay Gülalıyev “Facebook”da belə yazıb.
Bildirib ki, jurnalisti İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Həsən Həsənov məhkəməyə verib:
“Bu gün saat 16 00- da məhkəmə prosesi keçiriləcək. Məqsəd jurnalisti böyük həcmli pul vəsaiti ilə cərimələmək və ya onun haqqında Cinayət Məcəlləsinin 147- ci maddəsi ilə cinayət işi açıb susdurmaqdır. Təbii ki, idarə müdiri olan məsul şəxs təmsil etdiyi nazirliyin və tabe olduğu rayon icra hakimiyyəti başçısının razılığı olmadan belə bir addım ata, tanınmış jurnalisti məhkəməyə verə bilməz”.
“Bu məlumatı paylaşmaqla həm Elçin bəyə qarşı olan təzyiqləri pisləyir, ona dəstək olduğumuzu bildirir, həm də mətbuat nümayəndələrini və aidiyyatı qurumları olayı diqqətdə saxlamağa çağırırıq!”- deyə Oktay Gülalıyev mətbuat nümayəndələrinə müraciət edib.