Penitensiar Xidmət: ”Bu, onun jurnalist fəaliyyəti və ya nəsə yazması ilə bağlı deyil”
Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salınıb.
Məlumatı hüquq müdafiəçisi Oktay Gülalıyev yayıb. O, Ə.Sadıqovun 15 gün müddətə “kars”-a salındığını bildirib.
Hüquq müdafiəçisi buna səbəb Ə.Sadıqovun cəzaçəkmə müəssisəsində yazdığı və mətbuatda dərc olunan tənqidi fikirləri olduğunu deyir.
Bir müddət öncə bəzi saytlar Ə.Sadıqovun göndərdiyi məktubu dərc etmişdilər. Ə.Sadıqov cəzaçəkmə yerlərində rüşvət və qanunsuzluqların baş alıb getdiyini yazırdı. Cəzaçəkmə müəssisələrində ərzağın çox baha qiymətə satıldığından şikayətlənirdi:
“Valideynlər məhbus övladları ilə görüşməkdən ötrü pul ödəyirlər”.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (PX) Azadlıq Radiosuna Ə.Sadıqovun cərimə kamerasına salınmasını onun daxili qaydaları pozması ilə izah edir.
“Məhbus Əfqan Sadıqovun cəza çəkdiyi 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınması daxili intizam qaydalarını pozması, müəssisə əməkdaşlarına qarşı kobud davranışı ilə bağlıdır”.
M.Sadıqovun deməsinə görə, Ə.Sadıqovun karsa salınmasının onun jurnalist fəaliyyətinə heç bir aidiyyəti yoxdur:
“Bu şəxsin 15 gün müddətinə “kars”a salınması heç də, onun dediyi kimi, jurnalist fəaliyyəti və ya nəsə yazması ilə bağlı deyil. Bu iddianın özü əsassızdır”.
Penitensiar Xidmət rüşvətlə bağlı deyilənləri də böhtan, uydurma sayır.
Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbusların siyahısına daxil edib. Yerli hüquq müdafiəçiləri onun rayonda tənqidi yazılarına görə şərlənərək həbs edildiyini düşünürlər.
Bu açıqlamalara hələlik Cəlilabad Rayon İcra Hakimiyyətindən hər hansı münasibət almaq mümkün olmayıb.