”İxtisara düşənlərin hüquqları qorunmalıdır”

Müəssisələrdə aparılan ixtisarlar zamanı Əmək Məcəlləsinə istinad olunmalıdır

Source:
İxtisarlar
İxtisarlar

İxtisarlar
İxtisarlar

Müəssisələrdə aparılan ixtisarlar zamanı Əmək Məcəlləsinə istinad olunmalıdır

“İşdə böyük ixtisarlar aparıldı, mən də işimi itirdim. Himayəmdə bir azyaşlı uşaq və yaşlı anam var. Həyat yoldaşımdan ayrılmışam, ailəmizin yeganə qazanc gətirəni mən idim. Deyirlər, Əmək Məcəlləsinə görə, 2 və artıq uşağı olanlara güzəşt edilir. Bir uşaq yemək yemir məgər? Gəlir yoxdursa, onu necə saxlayım?”

Bu sözləri böyük şirkətlərdən birində (adının açıqlanmasını istəmir) çalışmış Təranə Məmmədova deyir. Onun sözlərinə görə, çalışdığı şirkətdə ixtisara düşənlər arasında imtiyazlılar da olub. Ancaq heç biri nəzərə alınmayıb.

“Bank sektorunda da ixtisarlar geniş vüsət alacaq”

Dünya bazarında neftin qiymətinin enməsi Azərbaycanda qiymət artımı və milli valyutanın dəyərdən düşməsi ilə nəticələndi. Həmçinin dövlət müəssisələri və özəl sektorda ixtisarlar başladı.

Ekspertlər hesab edirlər ki, iqtisadiyyatı 90 faiz neftdən asılı ölkə üçün neftin qiymətinin kəskin ucuzlaşması ağır nəticələr verəcək. Hələ xeyli iş yeri bağlanacaq, çox adam işsiz qalacaq. Dövlət qurumları işçi ixtisarına getməyə məcbur olacaq.

İqtisadçı Nemət Əliyev də düşünür ki, böhran yüz minlərlə insanı işsiz qoya bilər. O, bu sözləri “Azadlıq” qəzetinə bildirib:

“Hökumət daha təsirli qərarlar verməsə, o zaman ölkənin sosial təminat sistemi tamamilə dağılacaq”.

Samir Əliyev

Digər iqtisadçı Samir Əliyev də bank sektorunda ixtisarların qaçılmaz olduğunu deyir: “Bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddədir (6,3 milyard AZN). Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabrı səviyyəsinə düşüb. Problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə (1,4 milyard AZN) çatıb. Belə davam edərsə, bank sektorunda da ixtisarlar geniş vüsət alacaq”.

İxtisarlara başlanıb…

Ekspertlərin proqnozları özünü doğrultmağa başlayıb. Bir neçə bank fəaliyyətini dayandırdı, bank filialları ləğv edildi. Mətbuatda tez-tez iri dövlət qurumlarının işçi ixtisarları ilə bağlı xəbərlər yayılır. Məsələn, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) kütləvi ixtisarların aparıldığı ilə bağlı məlumatlar yayılıb. “Azəriqaz”ın Bakıdakı qaz idarələrinin ləğv edilməsi nəticəsində xeyli əməkdaşın işsiz qalma məsələsi gündəmə gəlib. Neft Şirkəti hələ ötən ildən başlayaraq bir xeyli işçisini ixtisara salıb, tikinti sahəsi demək olar dayanıb və s.

“Sərfəli” ixtisarlar

“Azercell” Telekom MMC-də də ixtisarlar aparılıb. Bu barədə mətbuata şirkətin özü məlumat verib. Bildirilir ki, “Azercell”in prezidenti Vahid Mürsəliyev şirkət əməkdaşlarına məktubla müraciət edərək, deyib ki, ağır makroiqtisadi vəziyyətə görə şirkət rəhbərliyi xərclərin azaldılmasına dair olduqca çətin qərar qəbul etməli olub:

“Təəssüflər olsun ki, bazardakı vəziyyət şirkətimizin də fəaliyyətinə təsir göstərib. Biznesimizi mövcud şəraitə uyğun optimallaşdırma etməliyik. 2015-ci ilin avqust ayından etibarən “Azercell” rəhbərliyi şirkət xərclərinin, o cümlədən işçilərə aid xərclərin azaldılması və ixtisarların aparılması ərəfəsində olub. Amma biz maksimum dərəcədə əlavə xərcləri azaldaraq, işçi sayına toxunmamağa çalışmışıq. 2015-ci ilin sonunda növbəti devalvasiyanın baş verməsi, ümumi iqtisadi vəziyyətin daha da ağırlaşması və bunun nəticəsində maliyyə durumunun daha da geriləməsi şirkətimizdə 8%-ə qədər iş yerlərinin, yəni 60-a yaxın işçinin ixtisar edilməsinə dair qərarın verilməsinə gətirib çıxarıb. Bu vəzifələrdə çalışan əməkdaşların hamısına layiqli kompensasiya təklif olunacaq. Bu gündən etibarən ixtisara düşmüş vəzifələrdə çalışanlarla üzbəüz görüşlər keçirilməyə başlanıb. Bu haqda sizə məlumat verdiyimə görə çox üzgünəm. Təəssüf ki, başqa çıxış yolumuz yoxdur».

Şirkətin ixtisara düşmüş əməkdaşlarından birinin Meydan TV-yə verdiyi məlumata görə, ümumilikdə 65 nəfər işini itirib. Ancaq “Azercell” rəhbərliyi vədinə əməl edib. Onların hər birinə 10 aylıq əmək haqqı ödənilib. Bundan əlavə, 2016-cı ilin sonuna kimi tibbi sığortaları da qüvvədə saxlanılıb. Şirkətin keçmiş əməkdaşı deyir ki, qurumda məvaciblər 1000 manat civarındadır. Bu baxımdan ödənilən kompensasiyanı sərfəli hesab etmək olar. Şirkətdə bir ailədən bir neçə nəfər də işləyir ki, ixtisar aparılarkən əsasən bu amil nəzərə alınıb: “Bizə dedilər ki, ixtisarlar yalnız devalvasiya ilə bağlı deyil. Şirkəti “Türkcell” almaq istəyir.

O da işçilərin sayının çoxluğuna irad bildirib”.

Digər telekom şirkətlərində də ixtisarların başladığına dair məlumatlar verilir. Ancaq qurumlar bunu rəsmi təsdiqləməyiblər.

İxtisarlar zamanı işdə qalma üstünlüyü kimlərə verilir?

Əmək Məcəlləsinə görə ixtisara düşən işçilərin də təminatları var. Məsələn, 70-ci maddənin “b” bəndinə görə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir:

“Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla işçiyə iş axtarmaq üçün azı bir iş günü icazə verilməlidir”.

Bundan əlavə, işçiyə işdən çıxarıldığı gündən yeni işə düzələnədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsində ixtisarlar zamanı işdə qalma üstünlüyü olan şəxslər barədə 78-ci maddə var. İxtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin qalıb işləmə üstünlükləri var.

“Bəzi hallarda baxmırlar 2 uşağı var, yoxsa 3”

Sahib Məmmədov
Sahib Məmmədov

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, doğrudur, ixtisarlar zamanı müəyyən qrup insanların üstünlük hüquqları var. Ancaq bəzən elə olur ki, müəssisə tamamilə qapadılır və kimsəyə üstünlük şamil edilmir: “Belə olanda hamı ixtisara düşür. Bu zaman baxmırlar bir uşağı var, yoxsa iki, üstünlük hüququ var, yoxdur. Qaçılmaz hallarda Məcəllə işəgötürənə öhdəlik qoyur ki, əgər belə bir hal varsa, onda ən azı bu kateqoriyalı insanlara üstünlük ver”.

Sahib Məmmədov deyir ki, həmin imtiyazlara qalsa, kimsə ixtisara düşməməlidir: “Demək olar ki, problemsiz insan yoxdur. Gəncdir, işləmək istəyir. Uşaqları çoxdur, baxa bilmir. Borcu var və s. Ümumiyyətlə, ixtisarlar yaxşı deyil. İnsanlar işlərini itirirlər”.

İxtisara düşənlərin hansı hüquqları var?

Ekspert onu da bildirdi ki, ixtisara düşən işçilərə işəgötürən ilk bir ayı kompensasiya verir. Digər aylarda isə Məşğulluq İdarəsindən işsizliklə bağlı arayış gətirərsə, ona dövlət tərəfdindən hər ay müəyyən müavinət ödənir: “Dövlətin bununla bağlı konstitusion öhdəliyi var. Əgər dövlət vətəndaşı işlə təmin edə bilmirsə, ona müavinət verməlidir. Sadəcə, bu müavinət çox azdır. Sosial Müdafiə Fondundan il ərzində bu istiqamətdə ayrılan vəsait 5 milyon manatı keçmir”.

Sahib Məmmədov deyir ki, məbləğ az olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ədalətli bölgü aparmağı çətinləşir. Birinə çatır, birinə çatmır:

“Ancaq işsizliyə görə siğorta fondu yaradılsa, vəziyyət qismən düzələr. Hazırda bunun üzərində iş gedir. Gələcəkdə pozitiv dəyişiklik ola bilər”.

Ana səhifəXəbərlər”İxtisara düşənlərin hüquqları qorunmalıdır”